Əlişir Nəvai və Azərbaycan ədəbiyyati.

навоий

7    Almaz Ülvi — Cığatay ədəbiyyatı və dahi Nəvai.
7   Almaz Ülvi — Əmir Əlişir Nəvainin ədəbi şəxsiyyəti və irsi Azərbaycan ədəbiyyatşünaslığında.
7   Paşa Kərimov — XVII Azərbaycan-özbək ədəbi əlaqələri.
7   Mustafa İsen (Türkiye) — Türk təzkirəçilik ənənəsində Əlişir Nəvainin yeri.

777

Almaz ÜLVİ
Cığatay ədəbiyyatı və dahi Nəvai

Cığatay ədəbiyyatının Nəvai dövründə türk dili xüsusi inkişaf mərhələsi keçmişdi. Türk dili elə bir zirvəyəcən tərəqqi etdi ki, islam dünyasının üç böyük dilindən birinə çevrildi. Əlişir Nəvainin ədəbi fəaliyyətinin “bahar vaxtı” Sultan Hüseyn Bayqara sarayında çalışdığı illərə təsadüf etmişdir.
Teymurlular nəslinin sonuncu görkəmli nümayəndəsi Hüseyn Bayqara (1438-1506) da şair idi. O, 1438-ci ildə Heratda doğulmuşdur. Əlişir Nəvainin atası Qiyasəddin Kiçginə Bahadur Hüseyn Bayqaranın atası Əmir Qiyasəddin Mənsur ilə süd qardaşı olmuşlar. Bu səbəb də daxil olmaqla onların uşaqları da bir yerdə böyümüş və məktəbdə birgə oxumuşdular. Məktəb illərindən sonra Hüseyn Bayqara saray işlərində çalışmışdır. Bir müddət sonra o da Teymurlu varisləri arasındakı taxt-tac mücadiləsinə qoşulmuşdu. 1469-cu ildə bu mücadilədə qalib gələn Hüseyn Bayqara Heratda hakimiyyəti ələ alıb hökmdar oldu. O, yüksək elmi, geniş dünyagörüşü, ziyalı səviyyəsi, şair qəlbi ilə hökmdarlığı dövründə məmləkətdə elmə, mədəniyyətə, ədəbiyyata geniş meydan verərək onu əlçatmaz zirvələrə, ucalıqlara qaldırdı. Şahrux hakimiyyəti dövründən ölkənin paytaxtına çevrilən Herat artıq Şərqin mədəniyyət mərkəzlərindən birinə çevrilmiş, şöhrəti hər yana yayılmışdı. Qırx ilə yaxın hökmdarlığı dövründə o, Şərq tarixində ən xeyirxah hökmdar kimi tanınmışdır. Humanizmi ilə fərqlənən Hüseyn Bayqara Herat sarayında son dərəcə gözəl elm və sənət mərkəzi yaratmışdı. Fars şairi Əbdürrəhman Cami, məşhur tarixçilər , o cümlədən Qantemir, rəssam Behzat Hüseyn Bayqara sarayında yaşayıb-yaradırdılar. O, cığatay türk ədəbiyyatının ilk və ən böyük nümayəndəsi Əlişir Nəvaini saray vəziri təyin etmişdi.
Hüseyn Bayqara həm də gözəl lirik şeirlər müəllifi idi. Onun divanı hər yana — ən böyük kitabxanalara yayılmışdı. Tədqiqatçıların qeydinə əsasən, onun qəzəlləri cığatay şairlərinin qəzəllərindən fərqlənirdi. Təbiət gözəlliyi, eşq, məhəbbətlə dolu xoş duyğular Hüseyn Bayqara poeziyasının məzmununda xüsusi yer tuturdu. O, əsərlərini cığatay-türk dilində yazmışdı. Hətta hökmdarlıq etdiyi ölkədə türkcə-cığatayca yazmaq barədə fərman imzalamışdı. Fars dilinin bütün Şərq dünyasında tüğyan etdiyi dövrdə bu fərman xüsusi əhəmiyyət daşıyırdı. Bu o dövr idi ki, hətta türk dilində yazılan şeirlərə lağ edirdilər. Hüseyn Bayqara sarayının baş vəziri Nəvai ilə İraqdan saraya qonaq gəlmiş şair Bənnayi arasındakı söhbət əsrlərdir ki, rəvayətə dönüb danışılır. Söhbət əsnasında Bənnayinin sözünə hiddətlənən Nəvai “Bənnayi, danışıq həddini aşdın. Sənin ağzın pisliklə doldurulmalıdır”. Bənnayi isə onun sözünə cavab olaraq: “Pislik doldurmaq elə də çətin iş deyil. Türk dilində bir şeir oxumaq kifayətdir” — demişdir. Türk dilinə münasibətin pis olduğu belə zamanda Hüseyn Bayqaranın türk dilinə dair imzaladığı fərman ölkənin elmli və dövlət adamları, türk dilinin inkişafı və yayılması üçün böyük önəm daşıyırdı. Tarixçilərin, tədqiqatçıların rəyidir ki, cığatay — türk ədəbiyyatının ən yüksək inkişaf mərhələsi Hüseyn Bayqaranın hökmdarlığı illərinə aiddir. O, türk dilini incəliklərinəcən gözəl bildiyindən hətta şeirlərində yad, alınma sözlərdən çox az iştifadə etmişdir.
Hüseyn Bayqaranın hökmdar kimi tarix qarşısında ən böyük xidmətlərindən biri də uşaqlıq dostu, özündən iki yaş kiçik Əlişir Nəvaini sarayına baş vəzir təyin etməsi idi. Bu məsələ təkcə o demək deyil ki, şair Nəvai sarayda belə yüksək vəzifə tutmuşdur. Nəvai məhz həmin vəzifəsindən istifadə edərək o dövrdə türk dünyası mədəniyyətinin, ədəbiyyatının inkişafı üçün misilsiz işlər görmüşdür. Elmə, mədəniyyətə yüksək dəyər verən hökmdarın siyasətinə onun da böyük təsiri olmuşdur.

Böyük mütəfəkkir, filosof, şair və dövlət xadimi Əmir Əlişir Nəvai 1441-ci ilin 9 fevralında Heratda doğulmuşdur. Onun atası Teymurlular sarayına yaxın zadəgan ailəsindən idi. Nəvainin atası Qiyasəddin Kiçginə Bahadur bir müddət Səbzəvar şəhərinin hakimi olmuşdur. Bu səbəbdən də bir yerdə böyüyən Nəvai ilə Hüseyn Bayqaranın yoldaşlığı dostluğa çevrilmişdi. Xorasan vilayətinin mərkəzi Heratda hakimiyyət başına gələn Hüseyn Bayqara Nəvaini sarayında əvvəlcə möhürdar, az sonra — 1472-ci ildə isə daha yüksək vəzifəyə — vəzir təyin etmişdi. Nəvainin yüksək əxlaqı, elmi, qabiliyyəti, zəkası, fitrətən fazilliyi dostunu bu addımı atmağa sövq etmişdi. Nəvai hələ uşaqlıq illərindən türk və fars dillərində şeirlər yazardı. Atası onun elmə, ədəbiyyata olan həvəsini, istedadını görüb təhsilinə xüsusi diqqət ayırmışdı. Dövrün tanınmış şair və ədibləri, xüsusən türk ədəbiyyatı qarşısındakı böyük xidmətləri ilə seçilən Həsən Ərdəşir və o illərin şöhrətli şairi Lütfi ona ustadlıq — müəllimlik etmişdilər. Əlişir Nəvai gənclik illərindən Şərqin dahi mütəfəkkirləri Fəridəddin Əttar, Qasım Ənvar, Nizami Gəncəvi və digər klassik şair və filosofların əsərlərini dərindən mənimsəmişdir. Ümumiyyətlə, Nəvai Şərq dünyasının bütün böyük filosof-mütəfəkkirlərinin əsərləri ilə yaxından tanış olmuş, öyrənmişdir. Bütün bunlar onun poetik yaradıcılığının inkişafına da böyük təsir göstərmişdir.
Böyük mütəfəkkir və şair, dövlət xadimi Əlişir Nəvai (əsl adı Nizaməddin Mir Əlişir) özbək ədəbiyyatı tarixinin ən görkəmli nümayəndəsidir. Nəvai hələ 10-12 yaşlarından gözəl şeirlər yazarmış. Müasirləri tarixçi Qantəmir (1437-1534), şair Lütfi (1369-1465) Nəvainin şeirləri ilə tanış olduqda onun poetik istedadını yüksək qiymətləndirmişdilər. 1464-1465-ci illərdə xəttatlar Nəvainin ilk divanını — şeirlər toplusunu hazırlamışdılar. Bu fakt özü təsdiq edir ki, Nəvai artıq gənc yaşlarından lirik şair kimi tanınırdı. Tədqiqatçıların qeydinə görə, Nəvai 15 yaşında lirik şeirləri ilə qəlbləri ovsunlamış, şeir-sənət adamlarının diqqətini qazanmışdı.
Sultan Hüseyn Bayqara sarayında işlədiyi dövrdə Əmir Əlişir Nəvai dövlət xadimi kimi geniş və əhəmiyyətli işlər görərək el hörməti qazanmışdır. O, elmə, təhsilə, ədəbiyyata, mədəniyyətə daim yüksək dəyər verdiyindən tutduğu vəzifədən istifadə edərək ölkəsinin elmli, ziyalı, nüfuzlu adamlarını — alimlərini, şairlərini, musiqiçilərini, rəssamlarını, xəttatlarını daim diqqətdə saxlamış, onlara qayğı göstərmiş, himayədarlıq etmişdir. Elin, xalqın köməyinə yetən bu şəxs əməlisaleh, nəcib insan kimi ad-san qazanmışdı. Nəvainin fəaliyyəti dövründə ən böyük xidmətlərindən biri də saray kitabxanası yaratması olmuşdur. Böyük tikinti işlərinin birbaşa vasitəçisi və rəhbəri olmuşdur: Heratda və ölkənin digər regionlarında xeyli sayda məscidlər, səyyahlar üçün ayrıca məscidlər, karvansaralar, böyük körpülər, hamamlar … və s. tikdirmişdi.
Nəvai geniş dünyagörüşlü, ədalətli, zülmkarlığa qarşı mübariz bir dövlət xadimi olubdur. Onun dövlət xadimi kimi ölkədəki nüfuzu saray əyanlarının xoşuna gəlmədiyindən ona qarşı qeyri-səmimi münasibətlər formalaşdırmağa başlamışdılar. Bunun nəticəsi olaraq o, vəzirlikdən Astarabad vilayətinin hakimliyinə göndərilmişdi. Lakin bütün bu münasibətlər Nəvainin ürəyincə olmadığından o, 1488-ci ildə vəzifəsindən istefa verir və doğma Herata qayıdaraq həyatını elmə, ədəbiyyata — yaradıcılığa həsr edir. Bu illər Nəvai yaradıcılığının o dövrü idi ki, o, artıq “Xəmsə” kimi dahiyanə toplunun müəllifi kimi şöhrətlənmişdi. O, məhz “Xəmsə”si ilə sübut etdi ki, türk ədəbi dilinin gücü dünya səviyyəli əsərlər yaratmağa qadirdir. Hüseyn Bayqara onu yenidən saraya dəvət etsə də, Nəvai bundan imtina etmiş və yaradıcılıqla məşğul olmağa üstünlük vermişdi. Nəvainin etirazına baxmayaraq hökmdar Hüseyn Bayqara onu sarayda əlahiddə vəzifəyə təyin etmişdi. Bu vəzifəsinə görə Nəvaiyə bütün dövlət məsələlərinin həllində iştirak hüququ verilmişdi. Nəvai bu təkliflə razılaşsa da daha çox ədəbi yaradıcılıqla məşğul olmuşdur. Onun bu dövrdən sonrakı yaradıcılığında daha çox dövrün ictimai-siyasi ruhu, problemləri qabarıq görünür. 1490-1501-ci illərdə Nəvai ən incə, gözəl və qüdrətli lirik poeziyasını, ictimai-fəlsəfi və elmi əsərlərini yaratmışdır.
Nəvainin hələ gənclik illərindən ən böyük arzularından biri türk ədəbi dilini fars ədəbi dili səviyyəsinə qaldırmaq idi. O, bu arzusu uğrunda daim mücadilədə olmuşdur. Dostu, hökmdar Hüseyn Bayqaranın köməkliyi və özünün elmi-ədəbi yaradıcılığının gücü ilə istədiyinə nail ola bilmişdir. Amma bu o demək deyil ki, türk dilinin inkişafı Nəvaidən başlamışdı. Lakin həmin problemin aktual olaraq qalması Nəvaini mübarizəsində daha inadlı etmiş, mətinləşdirmişdi. Beləliklə, o öz qüdrətli dühası ilə möhtəşəm əsərlər yaratdı.
Tədqiqatçılar yazır ki, Nəvai dostu, şair-filosof Əbdürrəhman Caminin məsləhəti ilə dahi Nizaminin “Xəmsə”sinə cığatay-türk dilində “cavab” yazdı. Beləliklə, Şərq ədəbiyyatında ilk dəfə türk dilində “Xəmsə” yaradıldı. Başqa bir qrup tədqiqatçı isə göstərir ki, lirik şeirləri ilə məşhurlaşan Nəvai müasiri, dostu şair Əbdürrəhman Caminin “Xəmsə” yazmağa başladığını eşidir və çox qısa zaman ərzində (1483-85) öz “Xəmsə”sini tamamlayır. 1485-ci ildə bitirdiyi 64.000 misralıq “Xəmsə”si “Heyrətül-əbrar”, “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Yeddi səyyarə” və “Səddi-İsgəndər” adlı məşhur əsərlərdən ibarətdir. “Heyrətül-əbrar” (1483, “Mömünlərin heyrəti”) poeması əxlaq və təsəvvüfə aid mükalimələrdən ibarətdir. Nəvai işlədiyi İsgəndər obrazını dövrün zalım hökmdarlarına qarşı qoymuşdur. Cəmi üç ilə Şərq ədəbiyyatında yeni “Xəmsə” yaratmaq Nəvainin filosof düşüncəsinin, şairlik istedadının və qabiliyyətinin nəticəsi idi. Onun “Xəmsə”sində böyük türk ruhu diqqətdən yayınmır.
Nəvai lirik şeirlərindən ibarət altı divan yaratmışdır: “Bədaye ül-bidayə” (1466-1482), “Nəvadir ül — mihayə” (1482-1492), 1498 — ci ildə “Xəzain ül-məani” adlı ümumi başlıqda topladığı (“Cahar divan”) — “Qəraüb üs-sifər” (“Uşaqlığın qəribəlikləri”), “Nəvadir ül — şəvab” (“Gənclik nadirlikləri”), “Bədaye ül — vüsət” (“Orta yaşın gözəllikləri”), “Fəvaid ül-kibar” (“Böyüklüyün faydaları”). Bu divanlarına onun türk dilində yazdığı şeirlər toplanmışdır. O, fars dilində yazdığı qəsidələrindən də ibarət iki toplu bağlamışdı: “Altı zərurət” və “İlin dörd fəsli”.
O, cığatay — türk dilində yazdığı əsərlərində “Nəvai”, fars dilində yazdığı əsərlərində isə “Fani” təxəllüsündən istifadə etmişdir. “Nəvai” sözü “musiqili”, “təravətli”, “Fani” sözü isə “etibarsız” , “ölüm” mənasını verir. Nəvai fars dilində yazmağın dəyərinə xələl gətirmək fikrində olmayıb. Sadəcə olaraq, o təsdiq etmək istəyib ki, doğma ana dilində — qədim cığatay-türk dilində bəşəri dəyərli əsərlər yazmaq mümkündür. O, bununla müasirlərinə sübut etmək istədi ki, türk ədəbi dilinin imkanları “Xəmsə” yarada biləcək qədər zəngindir. Nəvai Şərq ədəbiyyatının janrlarından son dərəcə incəliklə istifadə edərək, dünya ədəbiyyatı tarixində özünəməxsus dəstxəttini, üslubunu yarada bilmişdir.
Nəvainin əsərləri, hələ sağlığında ikən böyük şöhrət qazanmışdı. Onun əsərləri dünyanın ən məşhur kitabxanalarına yayılmış və qorunmuş, müasir dövrümüzə qədər gəlib çıxmışdır. Əmir Əlişir Nəvai türk dünyasına bəşəri dəyərli elmi-ədəbi əsərlər bəxş etməklə yanaşı, dövlət xadimi kimi də xidmətləri tarixi xarakter daşıyır.
Nəvai yaradıcılığında — lirikasında, poemalarında yüksək mənəviyyat məsələlərindən, sufizmdən ətraflı söhbət açılır. Onun fəlsəfi görüşlərinin əsasında sufilik elementlərini özündə təcəssüm etdirən panteizm durur. Nəvai mövhumatı — insanları cəhalətə aparan eybəcər “dini” baxışları tənqid etmiş, orta əsr despotizminə qarşı daim mübarizədə olmuşdur. Nəvai bu mövzuda ilk olaraq “Ərbəin” ( “40 rübai”) və “Minacat” əsərlərini yaratmışdır. Ümumiyyətlə, Nəvai əbədi-bədii irsi ilə yanaşı onun əhəmiyyətli, müasir dövrümüzdə də öz aktuallığını saxlayan xeyli sayda elmi əsərləri də vardır: Öz sufi baxışlarını “Nəsim ül-məhəbbət” (1496) əsərində açmış və bu əsərində 750 sufi şeyxi haqqında elmi mənbə hazırlamış, tarixə ərməğan etmişdir. O, bu əsərində Nəsimi şəxsiyyəti, poeziyası haqqında, poetikasının qüdrəti barədə məhəbbətlə söz açmışdır. Nəvainin fars və türk dillərindən bəhs edən “Mühakimət ül — lüğəteyn” (“İki dilin mühakiməsi”, 1499 ) əsəri xüsusilə o dövr üçün (elə indi də) çox əhəmiyyətli idi. O, bu mənzum əsərində türk dilinin incəliklərindən, türk folklor və etnoqrafiyasının zənginliyindən söz açaraq türk dilini gözdən salanlara cavab vermişdir. O, bu iki tarixi dili bir-birinə qarşı qoyanların əleyhinə olaraq, hər iki dilin üstünlüklərini qeyd etmiş, bir dili o biri dilin güdazına verməyin tam əleyhinə olmuşdur. Bu əsərində türk dilinin gözəlliyini və zənginliyini nümayiş etdirərək, fəxarət dolu xoş hisslərini qələmə almışdır. “Məcalis ül-nəfais” (“Nəfis məclislər”, 1491) adlı təzkirəsində isə ədib, tədqiqatçı-filosof alim yaşadığı əsrin 400-dən çox şairi haqqında ətraflı məlumat yazmışdır. Ümumtürk əruzunun nəzəri əsasları haqqında “Mizan ül-övzan” (“Vəznlərin tərəzisi”, 1492), müəmma janrının nəzəri əsasları haqqında “Mufradat” (1493) əsərləri bu gün də elmi aktuallığını itirməmiş, elmi araşdırma mövzusu olaraq hələ də diqqətdədir. Bunlardan əlavə, Nəvai tarixi mövzuda traktatlar müəllifi kimi də məşhurdur: “Tarixi mülük ül-əcəm” (“İran şahlarının tarixi”) və “Tarixi-ənbiya və hükəma“ (”Filosoflar və peyğəmbərlərin tarixi») əsərlərini göstərə bilərik. Bunlardan əlavə, Nəvai məktublarını “Münşaat” adlı əsərində toplamışdır. Memuar janrında Əbdürrəhman Camiyə həsr etdiyi “Xəmsə ül-mütəhəyyirin” (“Beş heyrət”, 1482-1494), “Haləti-Seyyid Həsən Ərdəşir” (“Seyyid Həsən Ərdəşirin həyat və yaradıcılığı”) və “Haləti — Pəhləvani Məhəmməd” (“Məhəmməd Pəhləvanın həyat və yaradıcılığı”) əsərlərini göstərmək olar. Nəvainin bioqrafik səpgidə yazdığı “Haləti — Pəhləvani Məhəmməd” əsəri “Küştigir” təxəllüsü ilə şeirlər yazan Məhəmməd Pəhləvana həsr olunmuşdur. Əsərdə zəngin hafizəsi və gözəl hazırcavablığı ilə hamını heyran qoyan Məhəmməd Pəhləvanın Sultan Hüseyn Bayqaraya və Nəvainin özünə bəslədiyi dostluq duyğularından bəhs olunmuşdur. “Lisaleyi-müəmma” (1491), “Vəqfiyyə” (1482), “Nəzm ül-Cəvahir” (1485), “Sirac ül-müslimin” (1488) və s. qeyd etdiyimiz bu və digər əsərləri həm əbədi-bədii xarakterinə, dilinə, məzmununa, mövzusuna, həm də elmiliyinə, fəlsəfi mənasına görə ümumtürk ədəbi-elmi tarixinin möhtəşəm abidələrindəndir. 1499-cu ildə yazdığı “Lisan üt-teyr” (“Quşların dili”) poeması fəlsəfi və təsəvvuf məsələlərinə aid edilmişdir. O, Sultan Hüseynə ithaf etdiyi bu əsəri — uşaqlıq illərindən sevdiyi, oxuduğu, öyrəndiyi filosof Fəridəddin Əttarın fəlsəfi “Məntüq üt — teyr” əsərinə cavab olaraq yazmışdır. “Lisan üt-teyr” dövrün ictimai-siyasi məsələlərinə dair müəllifin yüksək baxışları öz əksini tapmışdı. Təhsilini Herat, Məşhəd və Səmərqənd şəhərlərində dövrün məşhur ziyalılarından almış Əlişir Nəvai cığatay-türk ədəbi nəsrinin ilk nümunəsi sayılan axırıncı — 1500-cü ildə tamamladığı “Məhbub ul-qulub” (“Ürəklərin sevgisi”) əsərində dövlət və məişət məsələlərinin bədii inikasını əks etdirmişdir. Göründüyü kimi, dahi mütəfəkkir Nəvainin janr və mövzu baxımından yaradıcılığı rəngarəngdir. Onun bu qədər zəngin ədəbi irsi toplanaraq müasir dövrümüzdə dəfələrlə istər doğma Özbəkistanda, istərsə də bir çox ölkələrdə, o cümlədən Şərq ölkələrində, Azərbaycanda nəşr olunmuşdur. 1987-ci ildən isə başlayaraq doğma vətəni Özbəkistanda əsərləri 20 cilddə nəşr olunmuşdur.
Əlişir Nəvai 1501-ci il yanvarın 3-də vəfat etmiş və doğulduğu Heratda dəfn olunmuşdur.
Nəvainin poemaları dünyanın çox dillərinə tərcümə olunaraq yayılmışdır. Onun əlyazmaları Rusiyanın, İngiltərənin, Türkiyənin, İranın və s. ölkələrin məşhur kitabxanalarında qorunur. Şərq ədəbiyyatşünaslığında ayrıca nəvaişünaslıq elmi yaranmışdır. Azərbaycan ədəbiyyatşünaslığında isə Firidun bəy Köçərli, akademik Həmid Araslı, filologiya elmləri doktorları Pənah Xəlilov, Cənnət Nağıyeva, Xəlil Rza Ulutürk, Tərlan Quliyev və başqaları Əlişir Nəvai irsini tədqiq və tərcümə etmiş, Azərbaycan ədəbiyyatında və ədəbiyyatşünaslığında şərəfli, tarixi bir səhifə açmışlar.

777

Almaz Ülvi Binnətova
Əmir Əlişir Nəvainin ədəbi şəxsiyyəti və irsi Azərbaycan ədəbiyyatşünaslığında

Nəvai ədəbi irsi Azərbaycan ədəbiyyatında, ədəbiyyatşünaslığında o qədər doğmalıqla yer tutmuşdur ki, dahi mütəfəkkirlər Nizami və Nəvainin yubiley komitələrinin iclasında (3 dekabr 1940) ölməz Səməd Vurğun çıxışında Nizami yubileyinə hazırlıqdan danışdıqdan sonra Nəvai yubileyinə hazırlıqdan söz açır və deyir ki, «mən və mənim yoldaşlarım son illərədək bilmirdik ki, Nəvai özbək şairidir. Hər yerdə onun adı Azərbaycan şairi kimi çəkilirdi. Nəvai xüsusilə bütün Şərq xalqlarının ədəbiyyatından fars dilinin qovulması sahəsində olduqca böyük rol oynamışdır. Nəvainin şəxsiyyəti, siması olduqca əzəmətlidir. Nəvai yalnız böyük ədəbiyyat deyil, böyük dil də yaratmışdır. Nəvai bir alim kimi, dilşünas, tarixçi kimi çıxış edir. O, son dərəcə çoxcəhətli və istedadlıdır.

Mən Nəvaini dərya ilə müqayisə etdim və dedim ki, bizim bəzi alimlərimiz onun sahillərinə taxta qayıqlarda üzmək istəyirlər. Mənim zənnimcə, bu dəryaya müasir elm və mədəniyyət əsasında tikilmiş böyük bir gəmi salmaq lazımdır. Nizaminin böyük şəxsiyyəti ilə çiyin-çiyinə böyük Nəvai dayanmışdır».
Görkəmli ədəbiyyatşünas və tanınmış alimlərimiz tarix boyunca Əlişir Nəvai irsini tədqiq və tərcümə etmiş, Azərbaycan ədəbiyyatında və ədəbiyyatşünaslığında şərəfli, tarixi nəvaişünaslıq səhifəsi açmışlar. Təkcə XX əsr ədəbi tənqid tarixini vərəqləsək, bu baxımdan xeyli material əldə etmək mümkündür.
Hələ 1902-ci ildə Baxçasarayda Ə. Nəvainin «Mühakimət ül — lüğəteyn» əsəri İ. Qaspirinskinin giriş məqaləsi ilə Azərbaycan dilində kitab şəklində nəşr olunmuşdur. «Təracümi-əhval (məşahir) Əlişir Nəvai» adlı məqalə «Dəbistan» dərgisində, «Təracümi-əhval Əlişir Nəvai» adlı digər məqalə isə «Dirilik» dərgisində hissə-hissə çap olunmuşdur. Bu məqalələr həcm etibari ilə böyük olduğu kimi, məzmun etibari ilə elmi, ədəbi faktlar baxımından isə çox zəngindir. Əldə olan materiallar içərisində ən dolğun informasiya və mənbələr məhz bu məqalələrdə öz əksini tapmışdır.
1912-ci ildə ədəbiyyatşünas və müəllim Fərhad Ağazadənin Bakıda nəşr etdirdiyi «Ədəbiyyat məcmuəsində», «Dirilik» jurnalında və digər mətbu orqanlarında Nəvainin həyat və yaradıcılığı haqqında geniş məqalələr yazılmışdır. Salman Mümtazın «Ədəbiyyatımızda Nəvai təsiri» məqaləsi «Kommunist» qəzetində çap olunmuşdur. S. Mümtaz bu məqaləsində qeyd edir ki, «ümumtürk ədəbiyyatında dörd böyük sima vardır ki, onların haqqında kiçik-kiçik məqalələr deyil, böyük-böyük kitablar yazmaq vacib olar. Çünki onlar bir məhəllənin, bir şəhərin və yaxud bir qəzanın deyil, qocaman bir türk aləminin, ucsuz-bucaqsız türk ellərinin şairi- məşhuru bulunmuşlar».
Firudin bəy Köçərli yazır ki, «Əlişir Nəvai hicrətin IX əsrinin axırlarında yetişən cığatay (türk) və əcəm şüərasının ən məşhurlarındandır. Bu şair əslən cığatay türklərindənsə də Azərbaycan şüəarası arasında artıq hörmət və şöhrət kəsb etmiş və onlara Nəvai təsiri artıq dərəcədə olubdur. Buna da ümdə səbəb onun təb lətifindən törəyən əşar nəfisə və əşari-məmduhəsi olubdur ki, çox şirin və tatlı dil ilə rəşteyi-nəzmə çəkilmişdir». Ədəbiyyatşünas alim Əli Nazimin «Kommunist» qəzetində 1925-ci ildə nəşr etdirdiyi «Əlişir Nəvai və biz» məqaləsi şairin 1926-cı ildə keçiriləcək yubileyinə sanki hazırlıq üçün start idi. O, yazırdı: «Nəvai tam bir sənətkardır. İncəsənət şöbələrindən şeir, musiqi və rəsm təbiətilə müstəid və malik bir şairdir. Nəvai bir çox havalar bəstələmiş, bir çox rəsmlər yapmışdır. Nəvai böyük bir şair və rəssam olmaqla bərabər, eyni zamanda da bir mücəddid, bir yenilikçidir. Nəvainin bu yenilikçiliyi nədədir? Nəvai nə yeni bir ədəbi məktəb açmış, nə yeni bir fəlsəfə yapmış və nə də yeni bir ədəbi şəkil yaratmış deyildir. O, yeni nə yapmışdır, bilirsinizmi? -Türkcə yazmışdır! İmdi türkcə yazmaq qədər sadə və təbii bir hadisənin bir yenilik sayılmayacağını zən edənlər bulunur. Fəqət XY əsrin islam türk dünyasını tədqiq edənlər və türk şairlərinin türkcə yazmadıqlarını görürlər ki, hər yerdə fars hərifi var. Nəvai böylə farslıq arasında üsyan etmiş. Türk xalqçılığı məfkurəsilə türkcə yazmış olduğundan ədəbiyyatımızda ilk dəfə dil inqilabı yapmış deməkdir. O, «Mühakimət ül-lüğəteyn»i ilə türkcənin də farsca qədər gözəl və zəngin olduğunu isbat etmişdir». Azərbaycan Ədəbiyyatı Cəmiyyəti Nəşriyyatı 1926-cı ildə «Nəvai» adlı tədqiqat kitabı çapdan buraxmışdı. Kitabda ilk məqalə İsmayıl Hikmətindir. İkinci məqalə Bəkir Çobanzadənin «Nəvai — dilçi» adlı tədqiqatıdır. Burada müəllif Nəvaini bir «lisançı» olaraq tədqiq edir. Bu məqalə də, eyni zamanda «Kommunist» qəzetində (1926, 4 mart tarixdə) dərc olunmuşdur. Üçüncü «Fars ədəbiyyatının Əlişir Nəvaiyə təsiri»nə dair Mirzə Möhsün İbrahiminin məqaləsidir. Kitabın ilk səhifəsində «Böyük türk şairi Nəvai» yazılsa da, içindəki əsərləri oxuduqdan sonra o qənaətə gəlirsən ki, «Nəvai şair olmaqdan ziyadə bir lisançı olmuşdur». «Yeni yol»da (4 mart 1926) dərc olunmuş «Əmir Əlişir Nəvai» adlı məqalə də çox maraqlı təsir bağışlayır.
Elə həmin il şairin «Münşəat» və «Vəqfiyyə» əsərləri ilk dəfə Azərbaycan dilində nəşr olunmuşdu. Yeri gəlmişkən, bu zaman Sultan Hüseyn Bayqaranın da «Divan»ı Bakıda işıq üzü görmüşdü. Kitaba İsmayıl Hikmətin və Bəkir Çobanzadənin Hüseyn Bayqara haqqında-həyat və yaradıcılığı, «Divan»ı barədə məqalələr də daxil edilmişdir.
1940-48-ci illər arasında şairin 500 illiyi ilə əlaqədar yenidən xeyli məqalələr yazılmış, kitablar nəşr edilmişdir. Bu illərdə akademik Həmid Araslının xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Akademikin «Nizami və Nəvai», «Nəvai və Azərbaycan ədəbiyyatı», «Əlişir Nəvai», «Əlişir Nəvai və yaradıcılığı», «Nəvai və Füzuli», «Böyük şair» və s. məqalələri Nəvai irsinin Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi sahəsində tutarlı mənbələrdir. Nəvai yaradıcılığını yüksək dəyərləndirən alim yazır ki, «Nəvai irsi Azərbaycan xalqı tərəfindən hələ XV əsrdən etibarən oxunur, sevilir. Əsrlərdən bəri xalqımız Nəvaini öz şairləri sırasında bilir. Onun müasiri Kişvəri, Xülqi kimi lirik şairlər Nəvainin təsiri altında əsərlər yazmışlar. Böyük Füzuli də öz «Leyli və Məcnun» əsərinin müqəddiməsində onun adını Nizami və Əbunüvas kimi Şərqin dahi sənətkarları sırasında çəkmişdir. M. F. Axundov məqalələrində Nəvaini ağıllı dövlət xadimi kimi xatırlamışdır».
Məmməd Arif «Əlişir Nəvai. Böyük özbək şairi», Azərbaycan-özbək ədəbiyyatlarının qarşılıqlı əlaqələrindən dissertasiya işi müdafiə edən Qulamhüseyn Əliyevin «Azərbaycan-özbək ədəbi əlaqələrindən», «Azərbaycan-özbək ədəbi əlaqələrinə dair» (1964) məqalələri bu sıradan dəyərli tədqiqatlardır.
1947-ci ildə Ə. Nəvainin «Yeddi səyyarə» əsərindən iki nağıl, 1948-ci ildə isə «Fərhad və Şirin» əsəri Azərbaycan dilində çapdan buraxılmışdır. «Fərhad və Şirin» poemasının (M. Rahim, M. Dilbazi, N. Rəfibəyli, Ə. Ziyatay və Ə. Vahid tərcümə etmişlər) kitab halındakı bu nəşrinə Həmid Araslı «Fərhad və Şirin» adlı ön söz yazaraq, əsərin mövzusundan, fəlsəfi və bədii mənasından söz açmışdır. Həmin əsər 1968-ci ildə əvvəlki tərcümədə yenidən nəşr olunmuşdur. Bu kitabdakı müqəddimə, şərh və redaktə də Həmid Araslıya aiddir. O, bu kitaba da «Böyük şair» adlı irihəcmli ön söz yazmışdır. «Yeddi səyyarə» əsəri isə «Yazıçı» nəşriyyatında 1979–cu ildə yenidən şair Ələkbər Ziyatayın orijinaldan tərcüməsi ilə nəşr olunmuşdur. 2004-cü ildə isə «Ə. Nəvai. Seçilmiş əsərləri» kitabı şairin 1968 və 1979-cu illərdəki nəşrləri əsasında təkrar 25.000 nüsxə tirajla işıq üzü görmüşdür. Akademik «Nəvai və Füzuli» araşdırmasında bu iki qüdrətli sənətkarın yaradıcılıqlarını qarşılıqlı surətdə tədqiq etmiş, Füzuli irsinə Nəvainin, Nəvai irsinə isə Azərbaycan ədəbiyyatı klassiklərinin təsirini şərh etmişdir.
1975–ci ildə dahi mütəfəkkirin «Şeirlər» kitabı Bakıda «Gənclik» nəşriyyatında nəşr olunmuşdu. Nəfis tərtibatlı 96 səhifəlik bu kitaba şairin qəzəllərindən, müxəmməs və rübailərindən, dübeyti və başqa lirik parçalardan, qitələr və beytlərdən ibarət əsərləri daxil edilmişdir — əsərləri xalq şairi Süleyman Rüstəm dilimizə çevirmiş və «Əlişir Nəvai» adlı müqəddimə yazmışdır.
1980-ci ildə Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti günləri ərəfəsində Bakıda keçirilən «Nəvai və Füzuli poeziya saatı» böyük el bayramı kimi qeyd olunmuşdu.
Professor Ləziz Kayumov yazır ki, «Əlişir Nəvai böyük Azərbaycan şairi Nizamini özünün sevimli müəllimlərindən biri adlandırmışdır. Füzuli isə Əlişir Nəvaiyə bir şagird kimi böyük məhəbbət bəsləmişdir. XX əsrin böyük özbək şairi Qafur Qulam isə bu hissi öz şeirlərində belə tərənnüm etmişdir: «Biz biri -birimizin şagirdiyik, biz biri -birimizin müəllimiyik». Elə bu müstəvidən deyək ki, Əlişir Nəvainin Azərbaycan xalqı üçün doğmalaşması onun ancaq dilinin Azərbaycan ədəbiyyatı klassikləri dilinə yaxınlığı deyildi, həm də Nəvai sənətinin məzmunu, onun insanpərvərliyi, yaratdığı surətlər aləmi bizim klassik ədəbiyyatımız səpgisində görünürdü. Füzuli də özbəklərə həmin səpgidə doğma gəlirdi.
Professor Pənah Xəlilov 1977-ci ildə nəşr etdirdiyi «SSRİ xalqları ədəbiyyatı»nda görkəmli özbək şairi Nəvaidən geniş söhbət açmışdır. O, burada dahi şairin həyatı, ayrı-ayrı əsərləri, yaradıcılıq fəlsəfəsi barədə dəyərli fikirlərini bildirmişdir.
Nəvainin həyat və fəaliyyətinin, yaradıcılığının Azərbaycanda öyrənilməsi haqqında danışarkən, filologiya elmləri doktoru Cənnət Nağıyevanın xidmətlərini-bu istiqamətdə apardığı tədqiqatlarını, olduqca dəyərli, orijinal, dərin elmi əsaslara söykənən monoqrafiya-laını xüsusilə qeyd etmək lazımdır. Cənnət Nağıyevanın rus dilində «Elm» nəşriyyatında nəşr etdirdiyi «Əlişir Nəvainin Bakı əlyazma-ları» (1986) monoqrafiyası istər elmi baxımdan, istərsə də ədəbi əlaqələr baxımından dəyərlidir. Tədqiqatçı Əbülfəz Rəhimov filologiya elmləri doktoru C. Nağıyevanın adı çəkilən kitabı haqqında yazır: «C. Nağıyeva Nəvai divanlarının əlyazma nüsxələrinin öyrənilmə tarixindən bəhs edərkən əksər Qərb və Şərq kataloq müəlliflərinin adını çəkir. Görkəmli özbək alimləri Parso Şəmsiyevin, Həmid Süleymanovun tədqiqatlarını düzgün olaraq yüksək qiymətləndirir. Göstərilir ki, Əlyazmalar İnstitutunda şairin divanlarının 37 tam nüsxəsi saxlanılır. Bu əlyazma nüsxələrinin çoxunun köçürülmə tarixi qədim, xəttləri isə olduqca gözəldir. Əsil xəttatlıq nümunələridir. Təsadüfi deyil ki, Özbəkistanda Nəvai irsi çapa hazırlananda bu nüsxələrdən də istifadə edilmişdir». Klassik irsin tədqiqi sahəsində böyük təcrübə toplayan Cənnət Nağıyevanın doktorluq işi — «Nəvai və Azərbaycan ədəbiyyatı. XV — XIX əsrlər» əsəri 1990- cı ildə Daşkənddə kitab halında nəşr edilmişdir. C. Nağıyeva indiyəcən Nəvai haqqında «Nəvai ensiklopediyası sözlüyü» (müəlliflərindən biri, 1989), «Azərbaycanda Nəvai» (2001), «Nəvainin Bakı əlyazmaları»(1986), «Navai i Azerbaydcanskaya literatura. XV-XIX veka» (1990) kitablarını çapdan buraxdırıb. O, təkcə Nəvaiyə aid Azərbaycan, rus və özbək dillərində 60-dan çox elmi məqalə yazıb müxtəlif kitab, dərgi, almanax və qəzetlərdə dərc etdirib.
2006-ci ildə filologiya elmləri doktoru Tərlan Quliyev Nəvainin məşhur «Mizan ül-övzan» əsərini Azərbaycan dilində nəşr etdirmişdir. O, bu əsəri cığataycadan dilimizə çevirərkən mətnə aid öz tədqiqatçı qeydlərini, şərhlərini də hazırlamış, «Əmir Əlişir Nəvai və onun «Mizan ül-övzan» əsəri» adlı ön sözüylə birgə həmin kitabda çapa təqdim etmişdir.
Ədəbiyyatşünaslığımızın Nəvai fəsli ilə bağlı hələ neçə-neçə kitablara, tədqiqatlara mövzu olası çoxlu məsələlər bu gün də aktuallığını saxlamaqdadır. Bu sətirlərin müəllifi də müxtəlif illərdə «Nəvai və Azərbaycan ədəbiyyatşünaslığı», «Nəvainin əsərləri Azərbaycan dilində», «Özbək ədəbiyyatşünaslığında Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsi», «Nəvainin ədəbi şəxsiyyəti», «Cığatay ədəbiyyatı. Dahi Nəvai», «Nəvaişünas alim Cənnət Nağıyeva» və s. məqalələr yazılaraq elmi dərgi, almanax və qəzetlərdə çap edilmişdir. Azərbaycan — özbək (cığatay) ədəbi əlaqələrimizin təşəkkül tarixindən başlamış müasir dövr əlaqələrimizə qədərki altı yüz illik bir dövr izlənən «Azərbaycan — özbək (cığatay) ədəbi əlaqələri (dövrlər, simalar, janrlar, təmayüllər)» adlı (Bakı, 2008, 326 səh.) monoqrafiyada da «Cığatay (özbək) ədəbiyyatı. Klassik irsin öyrənilməsi», «Dahi Əlişir Nəvai. Həyat və yaradıcılığına cizgilər», «Nəvai irsi Azərbaycan ədəbiyyatşünaslığında, «Özbək ədəbiyyatı və ədəbiyyatşünaslığında Nizami, Nəsimi və Füzuli ənənələri» kimi yarımbölmələrdə bu mövzu işlənmişdir.
Bütün bu kimi ədəbi hadisələri özündə əks etdirən «Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında» (Bakı, 2009. 360 səh.) məqalələr toplusunu iki xalqın dostluq-qardaşlıq tarixində, ədəbi həyatında dəyərli ədəbi hadisə kimi qiymətləndirmək olar. Nəvai yaradıcılığına dair Azərbaycan dövrü mətbuatında dərc olunmuş 150-dən artıq məqalənin içindən seçilib, elmi-nəzəri sanbalı ilə fərqlənən materiallar bu topluya daxil edilmişdir. Burada Azərbaycan türkləri ilə özbək türkləri arasındakı qədim tarixə malik ədəbi, mədəni, tarixi və elmi əlaqələrin yüz illik dövrü əhatə olunmuşdur.
Cığatay (özbək) klassik ədəbiyyatının, xüsusən, dahi Əlişir Nəvai yaradıcılığının və ədəbi irsinin tədqiqi, təsiri və təbliği Azərbaycan ədəbiyyatşünaslığının bütün inkişaf mərhələlərində onun diqqət mərkəzində olmuşdur. Bu amil isə öz-özlüyündə Nəvai dühasının yalnız Azərbaycan ədəbiyyatına deyil, eyni zamanda, Azərbaycan ədəbiyyatşünaslığına güclü təsirini bir daha sübut etməkdədir.

777

Paşa KƏRİMOV
XVII ƏSRDƏ AZƏRBAYÇAN-ÖZBƏK ƏDƏBİ ƏLAQƏLƏRİ

Orta əsrlərdən Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin yüksək səviyyədə ol­masının əsas səbəbi onların eyni kökə, ənənələrə malik olmasında, Azərbaycan və cığa­tay türkcəsinin vahid mənşəyində, iki xalqın ziyalıları arasındakı qırılmaz mənəvi bağlar­dadır. Böyük özbək şairi və dövlət xadimi Əlişir Nəvainin (1441-1501) Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafında müstəsna rolu olmuşdur. O, orta əsrlərdə Azərbay­can ədəbi əlaqəri ilə ən çox bağlı olmuş və Azərbaycan şairlərinin inkişafına ən çox təsir etmiş Orta Asiya şairidir. Nizami Gəncəvi, Nəsimi, Marağalı Əşrəf, Qasim Ənvar kimi Azərbaycan şairlərinin əsərlərindən bəhrələnən, onların yaradıcılığına böyük hörmət və məhəbbətlə yanaşan Nəvai özündən sonra gələn Azərbaycan şairlərinin — Kişvəri, Xətai və Füzulinin, XVII əsrdə Rəhməti, Sadiqi, Əmani, Saib, Qövsi, Zəfər və başqalarının yaradıcılığına təsir etmişdir. Nəvai əsərlərinin Azərbaycan ədəbiyyatının inkişafına təsiri­nin səbəblərini araşdıran filologiya elmləri doktoru Cənnət Nağıyeva «Azərbaycanda Nəvai» adlı monoqrafiyasında yazır: «XV əsrdə, Nəvai dövründə Heratda təhsil almağa gedənlərin Nəvai əlyazmalarını Azərbaycana gətirməsi ilə azərbaycanlıların Nəvai əsərlə­ri ilə tanışlığı başlanır və onun əsərləri sürətlə yayılır, şöhrətlənir. Bu dövrdə Həsənoğlu şeirləri çox yayılmamış, Nəsimi uzaqlarda yaşamış, Xətai, Füzuli hələ dunyaya gəlmə­mişdilər. Nəvai əsərlərinin azərbaycanlılar arasında şöhrətlənməsinin bir neçə səbəbi ol­muşdur: Nəvainin dili, onun sənətkarlıq qüdrəti, həm də şairin mövqeyi».
Heç şübhəsiz, şairin dilinin o dövrdə bir sıra türk xalqlarının nümayəndələri tərəfindən asanlıqla oxunub başa düşülməsi, əsərlərindəki humanizm ideyaları, dərin məna, yüksək sənətkarlıq onun yaradıcılığının geniş bir coğrafiyada — bütün Türküstandan başqa Azər­baycan, İran, Türkiyə və Hindistanda da yayılmasını şərtləndirmişdi. XVII yüzillikdə türkdilli şeirdə iki nəhəng şair — Nəvai və Füzuli çox böyük təsir və nüfuz sahibi olmuş­lar. Həmin əsrin Azərbaycan şairi Məlik bəy Avcı qəzəllərindən birində sadə bir şair ol­duğunu, dövründə ən çox sayğı göstərilən sənətkarlardan olmadığını təvazökar bir şəkil­də belə bildirir:

Nə Nəvai, nə Füzuli, nə Məlik, nə Adəməm,
Bəndə şahəm Məlik adlu, nə kənitü nə ləqəb.

Məlik bəy Avcının bu beyti XVII əsrdə türkdilli Azərbaycan şeirinin inkişaf istiqamətini, bu dövrdə ədəbi zövqləri çox aydın ifadə edir.
XVII əsrdə böyük özbək şairinin Azərbaycan ədəbiyyatına təsiri cığatay sözləri lüğətlə­rinin meydana çıxmasında da əksini tapmışdı. Hal-hazırda Tehran Dövlət Universitetinin mərkəzi kitabxanasında saxlanılan «Fərhənge-türki be farsi» adlı türkcə-farsca lüğətin tərtibi, müqəddimədə Əbdülcəmil ibn Məhəmmədrza ən-Nəsiri Tusinin dediyi kimi, h.1079-cu ilin zilqədə ayında (1669-cu ilin apreli) Şah Süleymanın (1666-1694) əmri ilə onun münsiül-məmalik vəzifəsinə təyin edilən atasına tapşırılmışdı. Osmanlı və Azər­baycan sözlərini, cığatay kəlmələrini, Rusiyada yaşayan qılmaq türklərinin sözlərini ayrı-ayrı bölümlərdə yerləşdirən atası lüğət üzərində 20 il işlədiyi işi başa çatdırmadan vəfat edir. Müqəddimədə türk dilinin xüsusiyyətləri haqqında məlumat verilən bu lüğəti Əbdül­cəmil tamamlamışdır. Lüğətin cığatay sözlərinin farsca izah edildiyi hissəsi xüsusilə diq­qətəlayiqdir. Tərtibçi bu hissədə istifadə etdiyi Əlişir Nəvai əsərlərinin, o cümlədən, «Mühakimətül-lüğəteyi» əsərinin adını çəkmişdir.
Cənnət Nağıyevanın dediyi kimi, Füzulidən sonrakı dövrdə Nəvai şeirləri Azərbaycan ədəbiyyatına iki yolla təsir etmişdir: 1)Füzuli vasitəsilə; 2) Nəvainin öz əsərlərindən, oriji­naldan istifadə vasitəsi ilə.
Nəvaidən sonra türkdilli şeirin ən böyük nümayəndəsi olan Füzulinin dahi şair səviyyəsi­nə yüksəlməsində Nəvainin də rolu olmuşdur. Təsadüfi deyil ki, osmanlı müəllifi Qəstə­monlu Lətifi «Təzkireyi-Lətifi» əsərində Füzulini Nəvai tərzində şeir yazan şair kimi təq­dim edərək yazır: «Nəvai tərzinə qərib bir tərzi-dilfirib və üslubi-əcibi vardır». Füzuli Nə­vaidən əvvəl yaşayıb-yaradan Əhmədi, Əmiri, Lütfi kimi özbək şairlərinin də əsərlərinə bələd olmuş, onların yaradıcılığından bəhrələnmişdir. Füzuli özündən sonra gələn Azər­baycan, Türkiyə şairləri ilə bərabər özbək şairlərinin, özbək ədəbiyyatının inkişafında da mühüm rol oynayıb. Bu barədə C.Nağıyeva yazır: «Füzuli özbək ədəbiyyatından, Nəvaidən aldığı hər bir fikri, hər bir bədii ifadəni, poetik priyomu işləyib, inkişaf etdir­məyə və yenidən həm özbək şairlərinə, özbək ədəbiyyatına, həm də Azərbaycan ədə­biyyatına qaytarmağa çalışmışdır».
Füzuli dilində bəzi cığatay elementlərinə rast gəlsək də, o, XV əsrdə yaşamış Azərbay­can şairi Kişvəri kimi Nəvai dilində şeirlər yazmayıb. Məlum olduğu kimi, orta əsrlərdə, hətta sonrakı dövrlərdə, XIX əsrdə, XX əsrin əvvəllərində bir sıra Azərbaycan şairləri Nəvai təsiri ilə cığatayca da şeirlər yazırdılar. Nəvainin Azərbaycan ədəbiyyatına təsirini görmək üçün müxtəlif dövrlərdə köçürülmüş əlyazma məcmuələrinə nəzər yetirmək kifa­yətdir. Akademik H.Araslının dediyi kimi: «XVI-XIX əsrlərdə Azərbaycanda yazılmış elə bir təzkirə və cüng yoxdur ki, orada böyük Əlişir Nəvaidən bəhs edilib nümunələr verilməsin».
Füzulinin Nəvai yaradıcılığına münasibəti daha dərindədir, özünə böyük ustad saydığı Nəvai ilə mənəvi tellərlə bağlı olan Füzuli Nəvaini təkrar etməmiş, onun yaradıcılığının ən dəyərli cəhətlərini inkişaf etdirmişdir. Nəvai kimi, Füzuli də dövrünün qabaqcıl, mütə­rəqqi fikirlərini yaradıcılığında ifadə edib. Füzulinin də lirikası yalnız məhəbbətin vəsfi, gözəlin təsviri ilə bağlı olmamış, ictimai, fəlsəfi fikirləri ifadə etmişdir. Bu iki böyük şairin lirik şeirlərində, xüsusilə də qəzəllərində insan azadlığı, insana qarşı haqsızlıqların, ədalət­sizliklərin tənqidi ən önəmli mövzulardandır. Füzuli də Nəvai kimi ədəbiyyatın ictimai və­zifəsini, doğma xalqı, türk dili qarşısındakı məsuliyyətini dərindən dərk edir və əsərlərin­də ifadə edir. Ədəbiyyat tariximizdə Füzulinin Nəvai şeirlərinin təsiri ilə əsərlər yazdığı qeyd olunmuşdur. Füzulinin «Görgəc», «Könül», «Bəhs», «Tut», «Təmə», «Şəm» və başqa qəzəllərinin Nəvaiyə cavab kimi yazıldığını qeyd edən C.Nağıyeva burada yalnız rədif, vəzn birliyinin deyil, ruh birliyinin, həyata, varlığa münasibət birliyinin olduğunu qeyd edir. Bununla bərabər, Füzulinin Nəvai qəzəllərinə yazdığı nəzirələrinin orijinal şeirlər ol­duğunu, bu əsərlərdə Füzulinin ustadının fikirlərini inkişaf etdirib dərinləşdirdiyini də gös­tərmək lazımdır.
Füzuli özündən sonrakı Azərbaycan poeziyasına elə güclü təsir etmişdir ki, XVII əsrdə yazılan, məsələn, «Görgəc» rədifli qəzəllər artıq Nəvaiyə deyil, Füzuliyə nəzirədir. Bu dövrün Zəfər, Saib, Vəhid Qəzvini, Qövsi, Təsir Təbrizi kimi şairləri «Görgəc» rədifli qə­zəllərini yazarkən Füzuli qəzəlini nümunə götürdüklərindən, bu şeirlərdə Azərbaycan türkcəsi elementləri üstünlük təşkil edir. Ümumiyyətlə, bizdə heç bir şübhə doğurmur ki, XVI əsrdə Füzuli olmasaydı, XVI, XVII və sonrakı dövrlər Azərbaycan və Türkiyə poeziyası Nəvai təsirinə daha artıq dərəcədə məruz qalar və bunun nəticəsində ədəbi dillərimizdə cığatay elementləri daha çox olardı.
Qeyd etdiyimiz kimi, Nəvai kimi Füzuli də türk dili qarşısında məsuliyyətini dərk edərək bu dilin ərəb, fars dilləri ilə bərabər, Yaxın və Orta Şərq klassik ədəbiyyatında özünə la­yiq yerini tutması üçün əlindən gələni etmişdir. «Heyrətül-əbrar» poemasının başlanğıcın­da Nəvai fars dilinin poeziya dili kimi kifayət qədər inkişaf etdiyini, onun da türkcə yaza­raq ana dilini inkişaf etdirmək istədiyini bildirir:

Farsi oldu çü olarqa əda,
Türki ila qılsanı anı ibtida.
Farsi el tapdı çü xürsəndlik,
Türki dəxi tapsa beruməndlik.

Böyük ustadının ardınca Füzuli də türkcə şeir yazmaq məsələsinə toxunur. Şair qitələrin­dən birində fars dilində əruz vəzninin bütün tələblərinə, incəliklərinə uyğun gələn şeirlərin çox yazıldığını, türk dilində isə hələ çətinliklərin olduğunu yazır. Füzuli burada ana dilin­də əruzun bütün tələblərinə cavab verə biləcək bir poeziya yaratmaq missiyasını öz üzə­rinə götürdüyünü elan edir:

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbulu-nəzmi-tərkib etməyib,
Əksərən əlfazi namərbutü nahəmvar olur.
Məndə tovfiq olsa bu düşvarı asan eylərəm.
Novbahar olğac tikəndən bərgi-gül izhar olur.

XVII əsr Azərbaycan şairlərindən türkcə və farsca divan müəllifi, «türk nəzmi, farsi ləfzi ilə sözlər söylədim» deyən Qövsi Təbrizi də qarşısına türkcə şeiri inkişaf etdirmək, onun­la bütün dünyanı tutmaq məqsədi qoyduğunu bildirir:

Etmək üçün türk nəzmilə müsəxxər aləmi,
Tapdılar ərbabi-məni bilmənəm handan məni.

Yaradıcılığında Nəvaidən təsirlənmiş şairlərimizdən biri də təxminən XVI əsrin ortaların­da Təbrizdə dünyaya gəlmiş, Hindistana səfər edərək 1616-cı ildə orada vəfat etmiş Rəhməti Təbrizidir. Təzkirəçi Təqi Əvhədi «Ərəfatül-aşiqin və ərəsatül-arifin» adlı təzki­rəsində onun Hindistan səfərindən əvvəl (1605-ci ildən öncə) 7-8 min beytlik divanını gördüyünü qeyd etsə də, şairin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanı­lan şeirləri 2050 beyt həcmindədir. Bu şeirlərin əksəriyyəti farscadır, cəmi 25 qəzəl və 1 rübai (129 beyt) Azərbaycan türkcəsindədir. Şair farsca yazdığı fəxriyyələrində döv­rünün bir sıra sənətkarlarının, ərəb şairlərindən Buxtori və Bu fərasın, fars şairlərdən Ün­süri, Ənvəri, Rudəki, Əscədi, Fütuhi, Dəqiqi və başqalarının adını çəkir, özünü onlar­dan üstün sayır. Adlarını çəkməsə də, onun türkcə şeirlərində Nəvai və Füzulidən təsir­ləndiyini görməmək mümkün deyil. I Şah Abbasın dövründə (1587-1629) Hindistana mühacirət edən şair bu ölkənin müxtəlif ədəbi məclislərində çox yüksək dəyərləndirilən Nəvai şeirləri ilə daha yaxından tanış olmaq imkanı əldə etmişdi. C.Nağıyeva Rəhməti­nin Nəvai yaradıcılığına yaxınlığı barədə yazır: «Rəhməti də Nəvai kimi insanı hər şey­dən uca tutmuşdur. Əgər Nəvaidə «Məshəfi-hüsnündə gördüm bismillahini» oxuyuruq­sa, Rəhməti «Məshəfi-hüsnündə ol peyvəstə bismillahlər» deyir. Hər iki şairdə zahid və vaizlərin tənqidi eynidir. Rəhməti də Nəvai kimi «Kafere-eşqəm bedəstəm sübheye mə­deh», «Mənəm Allah», «Mənə Mənsur kimi dar ağacı lazımdır» deyir, şərabı könül açan nemət, gözəlin üzünü Məşhəf (Quran), xəttü xalını Qurandakı e’rablar hesab edir». Rəh­mətinin qəzəllərində işlətdiyi «niy əcəb» («nə əcəb»), «götürgəc» («götürcək») kimi cığa­tay sözləri bir daha onun Nəvaidən bəhrələndiyini göstərir. Rəhmətinin cığatay sözlərin­dən daha çox istifadə etdiyi «İtlər ilən sübhədək hər gecə fəryad eylərəm», «Dəhr əsba­binə, ey dil, çox dəxi etmə həvəs», «Bənim yerim fəna bəhrivü Məcnun yeri sahildür» şeirlərində Nəvai ruhu daha çox duyulur.
XVI-XVII əsrlərdə yaşayıb-yaratmış görkəmli şair, rəssam, xəttat, alim, təzkirəçi Sa­diq bəy Sadiqinin (1533-1610) yaradıcılığı onun Azərbaycan və osmanlı türkcəsində, cığataycada sərbəst şəkildə əsərlər yazdığını göstərir. Sadiqi Nəvainin «Məcalisün-nə­fais» adlı təzkirəsini nümunə götürərək cığatayca yazdığı «Məcməül-xəvas» təzkirəsində Azərbaycan, osmanlı və cığatay şairləri haqqında məlumat vermiş və əsərlərindən nümu­nə gətirmiş, professor Turxan Gəncəyinin sözləri ilə desək, «siyasi hüdudları və sülalələr arasındakı ixtilafları bir tərəfə buraxaraq, türk dili və ədəbiyyatını bir bütün halında gö­türmüşdür. Görkəmli ədəbiyyatşünas alim M.Tərbiyətin dediyi kimi, əsər «Şah İsmayıl Səfəvi dövründən Şah Abbas dövrünədək 480 söz ustasının tərcümeyi-halına həsr edi­libdir». Bundan əvvəl Şah İsmayıl Xətainin oğlu Sam Mirzə (1517-1567) XV əsrin so­nu, XVI əsrin ortalarında yaşamış şairlər haqqında məlumat verən farsca yazdığı «Töhfe­yi-Sami» təzkirəsini yazarkən «Məcalisün-nəfais»dən örnək kimi istifadə etmişdi. Nəvai­də olduğu kimi, Sadiqinin də təzkirəsi səkkiz məclisdən ibarətdir. Sadiq bəy əsərini tər­tib edərkən Nəvai təzkirəsindən əlavə Caminin «Baharistan», Dövlətşah Səmərqəndinin «Təzkirətüş-şüəra», Sam Mirzənin «Töhfeyi-Sami» və başqa əsərlərdən istifadə etmiş­dir. S.Sadiqi yaradıcılığının tədqiqatçısı M.Muradova əsərin önəmli cəhətləri barədə ya­zır: «O, özünəqədərki təzkirəçilərdən fərqli olaraq, haqqında fikir yürüdəcəyi sənətkarın yaradıcılığını diqqətlə öyrənir, onun haqqında yeni söz söyləməyə çalışırdı. «Məcməül-xəvas» təzkirəsi XVI-XVII əsr ədəbiyyatından bəhs edən dəyərli abidə olub, bir çox şairlərin və eləcə də Sadiq bəyin həyatı, elmi-ədəbi fəaliyyəti və ümumiyyətlə, yaradıcılı­ğı ilə bağlı mühüm məlumatlarla zəngindir. Bu əsəri ilə Sadiqi orta əsr təzkirəçiliyini döv­rün mədəni-ədəbi həyatı ilə bağlamağa cəhd etmişdir. «Məcməül-xəvas» təzkirəsilə müəllif zəmanəsinin görkəmli ədəbiyyatşünaslarından biri kimi çıxış edir».
Gənc yaşlarından türk və fars dillərində şeirlər yazan Sadiqi yaradıcılığında Qətran Təb­rizi, Xaqani Şirvani, Nizami Gəncəvi, Mücirəddin Beyləqani, Əvhədi, Nəsimi, Nəvai və Füzuli əsərlərindən təsirlənmişdir. Xüsusilə, Nəvai və Füzuli yaradıcılığı ilə yaxından bağ­lı olan Sadiqi həmişə bu iki böyük sənətkarın ədəbi ənənələrinə sadiq qalmışdır. Nəvai və Füzuli kimi Sadiq bəy də geniş oxucu kütləsinin məhəbbətini qazanan qəzəl janrında çoxlu qəzəl yazmışdır.Tədqiqatçıların göstərdiyinə görə, onun məlum olan 587 qəzəlinin 40-ı Azərbaycan türkcəsindədir. Sadiqi şeirlərinə Nəvai poeziyasının təsirindən danışan C.Nağıyeva yazır: «Onun «Bulğay kaş ki», «Kaş ki», «Etdin», «Qalmadı», «Sübh» və baş­qa qəzəlləri də yalnız rədif baxımından deyil, ideya, məzmun və bədii ifadə vasitələrin­dən istifadə baxımından Nəvai ilə birləşir».
Ustadı Nəvai kimi ensiklopedik zəka sahibi olan Sadiqi də yaradıcılığında ictimai motiv­lərə xüsusi fikir vermiş, forma müxtəlifliyi ilə seçilən şeirlərində dilin sadə olmasına çalış­mışdır.
Nəvainin «Bolmasun» rədifli 7 beytlik qəzəlinə yazdığı nəzirəsini oxuduqca Sadiq bəyin ustad şairin əsərinə çox diqqətlə yanaşdığını, eyni zamanda, sadəcə nəzirə deyil, orijinal bir şeir yazdığını görürük. Nəvainin lirik qəhrəmanının qəlbi sevgilisinə ən səmimi, xoş duyğularla doludur. İstədiyi odur ki, könül verdiyi gözələ heç bir xətər yetməsin, bu dün­ya bağında onsuz bahar olmasın. Şair arzu edir ki, sevgilisinin sərvi-qəddi ancaq çeşme­yi-heyvandan, əbədiyyət çeşməsindən qidalansın:

Ğam əlidin, ya rəb, ul qulğa ğubore bolmasun,
Balki onsiz dahr boğida bahore bolmasun.

Qəddinin sarviğa kim, boği-latofat nəxlidur,
Çaşmai-hayvondin uzqa cuybare bolmasun.

Bu qəzələ Sadiqinin cığataycada eyni rədifli, eyni bəhrdə (rəməli-müsəmməni-məxzuf) yazdığı 6 beytlik cavabda gözələ hədsiz məhəbbət, sədaqət duyğuları ən çox lirik qəhrə­manla bağlı şəkildə ifadə edilmişdir:

Közə ol şəh yolidin özge ğubari bolmasun,
Məndin özge kimseğe andin güzari bolmasun.

Gülşəni-kuyində kim, sərvi-qədi məvasidür,
Hər tərəf əşkimdən özgə cuybari bolmasun.

Sadiqinin qəzəlində müəllifin fərdiyyəti daha çox nəzərə çarpır. Lirik qəhrəmanın istədi­yi budur ki, ondan başqa heç kim sevgilisinin yolunun üstündə durmasın, fədakar aşiqin gözlərinə yalnız onun ayağının tozu dolsun, sərvi-qəddini yalnız onun göz yaşları sulasın. Nəvai sevgilisinin sərvi-qəddinin çeşmeyi-heyvan-dirilik suyu ilə sulanmasını arzulayırsa, həm də Füzulidən bəhrələnən Sadiq bəy məşuqəsinin sərvi-qəddinin onun göz yaşları ilə qidalanmasını istəyir.
Nəvai 8 beytdən ibarət «Kaş ki» rədifli qəzəlində ayrılıq dərdini çəkməkdənsə min cür möhnət çəkməyə üstünlük verdiyini, eşq dərdindən dəlilər kimi səhraya düşdüyünü, bu­na görə də əvvəldən gözəllərlə ünsiyyət bağladığından peşman olduğunu bildirir. Bir beytdə qəriblərin qürbətdə acı çəkdiyini, qürbət sözünü dilə gətirmək belə istəmədiyini söyləyən şair, qəzəlin sonunda arzusuna, vüsala çatmaq üçün ömürdən möhlət istədiyini yazır:

Bulğay erdi yuz tuman, min rancu mehmat kaş ki,
Bulmağay erdi balou dardi furkat kaş ki…

Xosiyat çun telbarab sahroğa yuzlanmak emiş,
Tutmağay erdin parilar birla ulfat kaş ki…

Yuz ğarib ahvol bekaslikda har dam bor emiş,
Ütmaqay erdi tilimqa lafzi-ğurbat kaş ki…

Demakim con et fido ahbob ila topqaç visol,
Ey Navoiy, umr berqay onça muhlat kaş ki…

Sadiqinin bu qəzələ yazdığı 6 beytlik eyni rədifli nəzirəsində də bəhr (rəməli-müsəmməni-məxzuf) eyniliyi gözlənilmişdir. Sadiqi Nəvai şeirinə bu cavabında böyük özbək şairinin yaradıcılığına məhəbbət və diqqətini, cığataycanı gözəl bilməsini nümayiş etdirməklə bərabər, orijinal fikirlərlə çıxış etmiş, lirik şeirə ictimai motiv əlavə etmişdir. Əgər Nəvai ayrılığın dərddən betər olduğunu yazırsa, Sadiqi «hər şeyin sonu ayrılıq ola­caqsa, əvvəldən ülfət, məhəbbət olmasa yaxşıdır» deyir. Nəvai qürbətin ağır dərd oldu­ğundan danışırsa, Sadiq bəy «əgər vətən övladları insanın qədrini bilmirlərsə, qürbət bundan yaxşıdır» deyir. Zəmanəsinin ədalətsizliklərindən, özünə qarşı olan haqsızlıqlar­dan şikayət edən belə misralar Sadiqi şeirlərində az deyil. Sadiq bəy kimi çoxtərəfli iste­dadın, dövrünün ensiklopedik zəkasının «belə vətəndənsə qürbət yaxşıdır» deməsi, əl­bəttə ki, mövcud quruluşa, dövrə ciddi ittihamdır:

Bilməs ermişlər kişi qədrin vətən əbnası çün,
Tutqay erdi damənimni xaki-qurbət kaş ki.

Beytlərdən birində şair ona ağıl vermək istəyən nasehə «kaş ki, bu könül mənim nəsihəti­mi eşidəydi» cavabını verir. Yəni məgər aşiqin ixtiyarı özündədirmi ki, ona nəsihət verir­sən:

Dersən, ey naseh ki, məndin tut nəsihət, aqil ol,
Tutqay erdi bu könül məndin nəsihət kaş ki.

Burada Füzulinin «Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim? İxtiyar olsaydı, rahət ixti­yar etməzmidim?» misraları yada düşür. Sadiqinin cığatayca şeirlərində Nəvai ilə bəra­bər Füzuli yaradıcılığı ilə səsləşməni müşahidə etmək bizi təəccübləndirməməlidir.
Türk dilləri arasında şivə fərqlərinin mövcudluğunu görən dahi Füzuli türkcə divanının di­baçəsində öz dilini «türkcə», osmanlı şairlərini «büləğayi-Rum», cığatay şairlərini isə «füsə­hayi-tatar» adlandırır. Ehtimal ki, «Leyli və Məcnun» poemasını yazarkən şairin «Ətrak­də ol fəsanə yoxdur» deməsinin səbəbi də elə budur. Füzuli Nəvainin «Leyli və Məc­nun» poemasını oxumuş, sadəcə cığataycada danışanları tatar adlandırdığından ətrak­da-türklər arasında bu mövzuda əsərin yazılmadığını söyləmişdir. XVI əsrin sonlarında-XVII əsrdə bu üç türk dili arasında fərqlər özünü daha artıq dərəcədə göstərməkdə idi. Azərbaycan türkcəsini ilk dəfə olaraq «qızılbaşca» da adlandıran Sadiqi «Məcməül-xə­vas» təzkirəsində üç türk şivəsində asanlıqla şeirlər yazdığını bəyan etmişdir. Sadiq bə­yin şeirlərini nəzərdən keçirdikcə, dövrünün bu parlaq zəkasının sözlərinin həqiqət oldu­ğunun, şairin hər üç şivədə mükəmməl şeirlər yazdığının şahidi oluruq.
Cığatay ədəbiyyatının, birinci növbədə Nəvainin təsiri altında əsərlər yazan Məhəmməd Əmaninin, demək olar ki, bütün şeirlərində cığatay dilinin elementləri özünü qabardır. Təəssüf ki, tədqiqatçılarımız indiyə qədər bu şairin yaradıcılığının cığatay ədəbiyyatı ilə əlaqəsinə kifayət qədər fikir verməmişlər. XVI-XVII əsrlərdə yaşamış M.Əmani (1536-?) həm də sərkərdə, Yəzd vilayətinin hakimi olmuş, şeirlərində qürurla özünü qı­zılbaş adlandırmışdır. Nəvainin «Bar», «Bolubdur», «Sənsiz», «Ləfz» və s. rədifli qəzəlləri­nə yazdığı cavablarda Əmaninin Nəvai yaradıcılığını nə dərəcədə yüksək dəyərləndirdi­yini görürük.

M.Əmaninin —

Ol pərivəş kim, qədi-rəna, rüxi-zibası bar,
Könlüm ilə eşqinin yüz nazü istiğnası bar

-mətləli qəzəli Ə.Nəvainin —

Ol ki, yuz mendek cahonda volay şaydosi bor,
Neçakim bordur niyozim nozu istiğnosi bor

-beyti ilə başlayan şeirinə nəzirədir.
Lirik məzmunda, eyni bəhrdə (rəməli-müsəmməni-məqsur) yazılan bu qəzəllərdə eşqi yolunda hər cür fədakarlığa hazır olan aşiq obrazı yaradılmışdır.

Əmani Əlişir Nəvainin «Ləfz» rədifli, 7 beytlik qəzəlinə yazdığı eyni həcmli nəzirədə bəhr (rəməli-müsəmməni-məqsur), rədif və qafiyə eyniliyini saxlamaqla bərabər, Nəvai şeirinin məzmununa da, əsasən, sadiq qalmışdır. Nəvai qəzəlinin diqqətəlayiq cəhətlərin­dən biri ondan ibarətdir ki, sözdən, onun insan həyatındakı rolundan, dolayısıyla bədii sözün, şeirin, ədəbiyyatın rolundan bəhs olunan bu qəzəl əvvəlcə lirik şeir kimi səslənir. Gözəlin ağzından çıxan sözləri şair hər tərəfə saçılan can kimi dəyərləndirir:

Rişta dikkatdur kalominqda duri şaxvor lafz,
Riştağa durlar çekarsen çun topar takror lafz.

Lali-conbaxşinq erur quyeki ruhulloh kim,
Soçilur con har taraf qilğon soyi izhor lafz.

Nəvai kimi Əmani də gözəlin ağzından çıxan ləfzi, sözü şahlara layiq inci, dürr adlandı­rır, onun dilindən eşidilən sözün möcüzəsindən danışır:

Ləblərindən qılsan izhar, ey büti-əyyar, ləfz,
Canımın guşığə olur lölüyi-şəhvar ləfz.

Zahir eylər möcizi-İsiyyi-məryəm bigüman.
Eyləsə vəqti-təkəllüm gər tilin təkrar ləfz.

Fikrimizcə, böyük Füzuli sözün qüdrətindən, söz sənətindən bəhs etdiyi «Söz» rədifli qə­zəlini yazarkən Nəvainin məhz «Ləfz» rədifli şeirindən bəhrələnmişdir. Nəvainin «Söz» rə­difli qəzəli də vardır. Lakin haqqında danışdığımız bu iki qəzəl həm məzmun baxımından bir-birinə daha yaxındır, həm də eyni bəhrdə yazılmışdır. Orasını da qeyd etmək istər­dik ki, şairin sözünün ölümündən sonra ona əbədiyyət bəxş etməsi barədə Füzulinin fik­rinə nə Nəvainin, nə də Əmaninin qəzəlində rast gəlirik:

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.

Nəvainin qəribin qürbətdəki halının təsvirinə həsr edilmiş bir rübaisi vaxtı ilə oxucularda geniş əks-səda doğurmuşdur, bu şeirə müxtəlif əlyazma məcmuələrində rast gələ bilə­rik:

Ğurbatda ğarib şodmon bolmas emiş,
El anqa şafiku mehribon bolmas emiş.
Oltun qafas içre qar gizil qul bitsa,
Bulbulğa tikandek oşiyan bolmas emiş .

Bu şeir Füzulinin Təbrizdə çap edilən kitablarından birinə daxil edilmiş, akademik Hə­mid Araslı da Füzuli əsərlərinin I cildini tərtib edərkən həmin rübaini Azərbaycan türkcə­sinə uyğunlaşdırılmış şəkildə kitabın əlavələr hissəsinə salmışdır. Əmaninin rübailərindən birində söhbət qürbətdən getməsə də, burada Nəvainin sözükeçən rübaisinin təsirini gö­rürük:

Heç kimsə cahanda kamran bolmas imiş-
Kim, axiri-ömr bağrı qan bolmas imiş.
Əhval bu yanlığ olduqisün, ey dil,
Ariflərə meyli-xanəman bolmas imiş.

Şair rübainin əvvəlində deyir ki, dünyada kamran olmağın, arzuya çatmağın mümkünsüz­lüyünü bilənlər ömrün axırında peşman, bağrıqan olmazlar. Bunu bildiklərindəndir ki, ariflər meyli-xanəman olmurlar, evlərinə sığışmırlar. Əgər Nəvainin rübaisi qəribin qür­bətdəki əhvalını təsvir edirsə, Əmaninin şeiri ariflərin səfərə çıxmalarının səbəbindən bəhs edir.
Maraqlıdır ki, haqqında çox az məlumatımız olan XVII əsr Azərbaycan şairi Mövci Əhəri Nəvainin bu rübaisinə cavab olaraq eyni həzəc bəhrindən, rədif və qafiyədən isti­fadə edərək qəzəl yazmışdır.

Bimari-qəmi-eşqə dəva olmaz imiş,
Bu dərd mərizinə şəfa olmaz imiş

-beyti ilə başlanan qəzəlində şair eşq dərdinə düşənlərin sağalmasının mümkünsüz oldu­ğundan, gözəllərin aşiqlərə biganəliyindən, hicran gecəsinin bitib-tükənmədiyindən şika­yət edir. Sonda şair göstərir ki, yaşadığı cəmiyyətdə azadlıq mümkündür, lakin bu, yox­sul, çılpaq insanın azadlığıdır. Məqtə beytində Mövci biçarələrin əlindən tutmaq, onlara yardım etmək zərurətindən danışır.
«Zəfər» təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlu təxminən 1591-ci ildə dünya­ya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629-1642) və II Şah Abbasın (1642-1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Seyx Səfiəddin türbəsinin mütəvəllisi ol­muşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixti­yar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamla­mışdır. Onun türkcə şeirlərində Ə.Nəvai, Ş.İ.Xətai və M.Füzuli təsiri görünür.
Zəfər divanının dibaçəsində, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: «Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şa­rafi bila mumtaz qildi.

Rübai:

Ul kim, çü cahon xilqətin oğoz etti,
Süni kilmini naqş pardoz etti.
İnson xaylin nutq ila mumtaz etti,
Nutq ahlini nazm ila sanafroz etti».

Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsi­nə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir. «Şükrü sipasi namütəna­hi ol qadiri-biçunə kim, çün adəm asayişgahidin məxluqatdin bərgüzidə edib nitqi-şərifi­nə mümtaz qıldı.

Rübai:

Ol kim, cəhan xilqətin ağaz etdi,
Sünini kilklə nəqşpərdaz etdi.
İnsanı qamu nitq ilə mümtaz etdi,
Nitq əhlini nəzm ilə sərəfraz etdi.»

Zəfər divanının daha qısa olan dibaçəsində Nəvai dibaçəsi ilə uyğun gələn digər yerlər də vardır.

Nəvai qitələrindən birini Məhəmməd peyğəmbərə həsr etmişdir. Burada deyilir ki, qey­ri xalqların onun dininə etiqad etməsi onlara xeyirdir. Peyğəmbəri günəşə, insanları isə onun şüalarına bənzədən şair deyir ki, zərrələr nə qədər çox olsalar da, günəşə mane ola bilməzlər.

Muhammadi arabi şani ondin azam erur
Ki, nuqs bolğay ulus bolsa nafyiğa goyil.
Quyaş aşasiğa lama andin ortuq erur
Ki, zarra kasrati bolğay ziyasiğa qoyil.

Zəfər bu şeirə yazdığı nəzirəsinə əlavə etdiyi bir beytdə deyir ki, yalnız peyğəmbərin yo­lunda fəna mütləq olanlar onun bütün yaradılışın səbəbi olduğunu bilirlər:

Məhəmmədi-ərəbi şanı ondan artıqdır
Ki, qeyr millət əgər olmaya ona qail.
Günəş kimi bu cahanı tutubdur ənvarı,
Həqir zərrə nədir kim, ola ona hail.
Onun yolunda fəna mütləq olmayan nə bilir
Ki, oldur səbəbi külli-afəriniş gil.

XVII əsrin ən görkəmli Azərbaycan şairlərindən biri olan Saib Təbrizidən (1601-1676) günümüzə çatan ədəbi irsinin böyük əksəriyyəti, yüz iyirmi min beyti farscadır. Onun Azərbaycan türkcəsində yazdığı şeirlərindən cəmi 18-i əlimizdədir.
Saibin Nəvai ədəbi irsinə münasibəti məsələsinə toxunan C.Nağıyeva hər iki şairin Niza­mi əsərlərindən, onun humanist ideyalarından bəhrələndiyini, Saibin Nəvai əsərlərini diq­qətlə oxuduğunu vurğulayır. C.Nağıyeva Saibin Nəvaidən ən çox fəlsəfi məzmun əxz et­diyini göstərir: «Saib Təbrizi Nəvai əsərlərinin forma və bədii xüsusiyyətlərindən daha ar­tıq fəlsəfi məzmunundan istifadə etmiş və müəyyən inkişafa nail olmuşdur».
Saib Təbrizinin azərbaycanca şeirlərinin əksəriyyəti Füzuli qəzəllərinə nəzirə olsa da, şa­ir burada mövcud formalar daxilində yeni mənalar ortaya qoymağa nail olmuşdur. Onun «Görgəc» rədifli qəzəli Füzulinin eyni rədifli qəzəlinə nəzirədirsə, məlum olduğu ki­mi, Füzuli də Nəvainin həmin rədifli qəzəlindən ilhamlanmışdır. Rədif sözünün məhz cığa­tayca «görgəc» kimi işlədilməsi bunu sübut edir. Orasını qeyd edək ki, Füzulinin «Gər­gəc» rədifli iki qəzəlindən heç birini Nəvainin «Könqullar nolasi zulfunq kamandin noqa­hon körqaç» misrası ilə başlanan eyni rədifli qəzəlinə tam mənası ilə nəzirə adlandırmaq olmaz. Vəzn və qafiyə fərqlidir.
Saib bəzi türkcə qəzəllərini birbaşa Nəvai şeirlərinə cavab olaraq yazmışdır. Onun 8 beytlik «Bar» rədifli qəzəli Nəvainin eyni bəhrdə olan (rəməli-müsəmməni-məhfuz) 9 beytlik qəzəlinə nəzirədir. Hər iki şeirin birinci beytlərində qafiyələr eyni, məzmun yaxın­dır. Nəvai sevgilisindən ayrı düşmüş aşiqin var qüvvəsi ilə eşqi yolunda yanmasından da­nışır. Sevgilisini İsa ilə müqayisə edən şair onun nəfəsinin ölüyə can vermək qüdrətini mədh edir:

Bordi ulkim, sendin ayrılğay könqul to coni bor,
Covrinqa köydüm könqül, qil onçakim, imkoni bor.

Ey Masihim, men qatili işkmen, tirquz meni,
Bir nafas,-dedim,-qabul etkim, nafasinq coni bor.

Saib də aşiqin mümkün qədər sevgisi yolunda canından keçməli olduğunu deyir. Əgər Nəvai sevgilisinin nəfəsini can bəxş edən İsa nəfəsinə bənzədirsə, Saib məşuqənin üzün­dən axan təri çeşmeyi-heyvan, dirilik suyu adlandırır:

Gül kimi hər kim ki, gülzar içrə nəqdi-canı bar.
Səy elər töksün sənin yolunda, ta imkanı bar…

İçməmiş can bəxşlər nəzzarədən üşşaqlara,
Tərlü rüxsarun əcaib çeşmeyi-heyvanı bar.

Saibin 9 beytlik «Üçün» rədifli qəzəli Nəvainin eyni həcm, bəhr (rəməli-müsəmməni-məhfuz) və qafiyəli qəzəlinə nəzirə olaraq yazılıb. Nəvai özünün incə lirik şeirində hər za­man bu dünyada hicran qəmi çəkdiyini, Tanrının onu hicran çəkmək üçün yaratdığını de­yir. Şair növhəgərə (növhə oxuyan, ağıçı) üz tutaraq deyir ki, onun hicran qəmi çəkmək­də halı təsvir edilərsə, bir dastan olar:

Yuz balo hicron topar har dam bu mahzun con uçun,
Tenqri quyakim yaratmiştur meni hicron uçun…

Hacr aro holimni yozdim yod tut, ey navhagar
Kim, base loyiqdurursen soz etar daston uçun.

Saib Təbrizinin qəzəlində nəsihətamiz məzmun, dostluqda sədaqətə, əyilməzliyə, fəda­karlığa, minnətsiz yaşamağa çağırış daha qabarıq nəzərə çarpır. Şeirdə «hind üslubu»­nun ən görkəmli nümayəndələrindən olan Saibin bir sıra beytlərində təmsil poetik fiqu­rundan istifadə edilir, bir misrada deyilən fikir digər misrada həyatdan bir nümunə ilə təs­diqlənir:

Yoldaş oldur kim, qara günlərdə yoldan çıxmasın,
Keşmə yoldaşdan Xızır tək çeşmeyi-heyvan üçün…

Hüsni-covlanından əl kəsməkdir arvadlar işi,
Kəs özündən mərdlər tək Yusifi-Kənan üçün.

Bu beytlərdə həm də təlmih poetik fiqurundan istifadə edilmişdir. Məlum olduğu kimi fikrin, hissin oxucunun zehnində daha da canlandırılması üçün əsərdə tarixi hadisələrə, əsatir və əfsanələrə, ayə və hədislərə, məşhur alim və filosofların hikmətli sözlərinə, di­ni-tarixi və ya əfsanəvi şəxsiyyətlərə, xalq içərisində çox işlədilən məsəl və atalar sözləri­nə işarə edilməsi təlmih adlanır. Saibin nəzərdən keçirdiyimiz birinci beytində İskəndər­lə Xızırın dirilik suyu axtarması barədə rəvayətə işarə olunur. Xızırın dirilik suyunu tapıb İskəndəri tək qoyması əhvalatını yada salan şair deyir ki, yoldaşlar bir-birinə sədaqətli olmalıdırlar, hətta əbədiyyət suyuna görə belə yoldan çıxmaq, yoldaşı tərk etmək ol­maz. İkinci beytdə məşhur rəvayətdən Züleyxanın aşiq olduğu qulu Yusifin libasından bir parça qoparmasına işarə olunur. Eşqdə fədakarlığı təbliğ edən şair deyir ki, əsl aşiq özgəsindən deyil, özündən kəsməli, sevdiyi şəxsin nəyisə itirməsinə yol verməməlidir.
XVII əsrdə yaşamış ən görkəmli Azərbaycan şairlərindən Əlican Qövsi Təbrizi bu dövrdə türkcə ən iri həcmli divan (4700 beyt) müəllifidir. Qövsinin əsərlərini oxuduqca onun türk dilinin inkişafı və daha geniş yayılması sahəsində şüurlu surətdə çalışdığını, bu məsələdə türkdilli poeziyanın böyük ustadlarından nümunə götürdüyünü görürük.
Qövsi Nəvai, Füzuli, Vəhid Qəzvini, Sahir və başqalarının qəzəllərinə yazdığı nəzirələrin­dən çoxunda bu şairlərin əsərlərindən bir misra nümunə gətirərək onların adlarını çək­mişdir. Ən çox Füzuli şeirlərinə cavablar yazan şairin Əlişir Nəvai qəzəllərinə də nəzirə­ləri vardır. Qövsinin —

Biz kimiz? Kuyində yarın, bir bölük avarələr,
Xəstələr, sərgəştələr, bitablər, biçarələr
-mətləli 8 beytlik qəzəli Nəvainin
Ne acab, har yon meni Macnun boşida yoralar
Baş ki, yoğdi ustiğa atfol elidin xoralar

-mətləli, 7 beytlik, eyni bəhrdə olan (rəməli-müsəmməni-məhzuf) qəzəlinə nəzirədir. Bi­rinci beytindən göründüyü kimi, Q.Təbrizi hətta Nəvaiyə nəzirəsində belə Füzuli təsirin­dən kənarda qala bilməmiş, dahi Azərbaycan şairinin tərcibəndinin başlanğıcındakı

Mən kiməm? -Bir bikəsü biçarəvü bixaniman,
Taleim aşuftə, iqbalım nigun, bəxtim yaman
— beytinin formasından istifadə etmişdir.
Nəvai qəzəlinin —
Orazinq atrofida quldur körünqan, ey pari,
Ya qamar davrida saf torntibdurur sayyoralar
-beytində gözəlin üzünün, yanağının ətrafındakı güllərlə Ay ətrafındakı ulduzları müqayi­sə edir. Nəvaiyə yazdığı cavabında Qövsi onun ahü-nalə oxlarından göylərin dəlik-de­şik olduğunu, insanların yanlışlıqla bunları planet və ulduzlar adlandırdığını söyləyir:

Ahu naləm navəkindən göz-göz olmuşdur fələk
Kim, deyər xalq onlara sabitlərü səyyarələr.

Bu beytdə Qövsi hüsni-təlil sözişlətmə üsulundan uğurla istifadə etmişdir. Hərfi mənası əsaslandırmanın gözəlliyi demək olan hüsni-təlil poetik fiqurundan istifadə zamanı bir əla­mət və ya keyfiyyət başqa bir əlamət və ya keyfiyyətin meydana gəlməsinə səbəb olur, nəticədə ikiqat təsvir özünü göstərir. Burada da şairin ah-naləsinin göyləri dəlik-deşik etməsi insanların bunları səma cismləri hesab etməsi ilə nəticələnmişdir. Qövsinin bu beytində də — «Degil bihudə gər yağsa fələkdən başimə daşlar, Binası tişeyi-ahimlə vi­ran etdigimdəndir» sözləri ilə göylərin binasını ahı ilə viran etdiyini, buna görə də göylər­dən başına daşlar yağdığını iddia edən Füzulinin təsirini görməmək mümkün deyil.

Məhəmmədi-ərəbi şanı ondan artıqdır
Ki, qeyr millət əgər olmaya ona qail.
Günəş kimi bu cahanı tutubdur ənvarı,
Həqir zərrə nədir kim, ola ona hail.
Onun yolunda fəna mütləq olmayan nə bilir
Ki, oldur səbəbi külli-afəriniş gil.

XVII əsrin ən görkəmli Azərbaycan şairlərindən biri olan Saib Təbrizidən (1601-1676) günümüzə çatan ədəbi irsinin böyük əksəriyyəti, yüz iyirmi min beyti farscadır. Onun Azərbaycan türkcəsində yazdığı şeirlərindən cəmi 18-i əlimizdədir.
Saibin Nəvai ədəbi irsinə münasibəti məsələsinə toxunan C.Nağıyeva hər iki şairin Niza­mi əsərlərindən, onun humanist ideyalarından bəhrələndiyini, Saibin Nəvai əsərlərini diq­qətlə oxuduğunu vurğulayır. C.Nağıyeva Saibin Nəvaidən ən çox fəlsəfi məzmun əxz et­diyini göstərir: «Saib Təbrizi Nəvai əsərlərinin forma və bədii xüsusiyyətlərindən daha ar­tıq fəlsəfi məzmunundan istifadə etmiş və müəyyən inkişafa nail olmuşdur».
Saib Təbrizinin azərbaycanca şeirlərinin əksəriyyəti Füzuli qəzəllərinə nəzirə olsa da, şa­ir burada mövcud formalar daxilində yeni mənalar ortaya qoymağa nail olmuşdur. Onun «Görgəc» rədifli qəzəli Füzulinin eyni rədifli qəzəlinə nəzirədirsə, məlum olduğu ki­mi, Füzuli də Nəvainin həmin rədifli qəzəlindən ilhamlanmışdır. Rədif sözünün məhz cığa­tayca «görgəc» kimi işlədilməsi bunu sübut edir. Orasını qeyd edək ki, Füzulinin «Gər­gəc» rədifli iki qəzəlindən heç birini Nəvainin «Könqullar nolasi zulfunq kamandin noqa­hon körqaç» misrası ilə başlanan eyni rədifli qəzəlinə tam mənası ilə nəzirə adlandırmaq olmaz. Vəzn və qafiyə fərqlidir.
Saib bəzi türkcə qəzəllərini birbaşa Nəvai şeirlərinə cavab olaraq yazmışdır. Onun 8 beytlik «Bar» rədifli qəzəli Nəvainin eyni bəhrdə olan (rəməli-müsəmməni-məhfuz) 9 beytlik qəzəlinə nəzirədir. Hər iki şeirin birinci beytlərində qafiyələr eyni, məzmun yaxın­dır. Nəvai sevgilisindən ayrı düşmüş aşiqin var qüvvəsi ilə eşqi yolunda yanmasından da­nışır. Sevgilisini İsa ilə müqayisə edən şair onun nəfəsinin ölüyə can vermək qüdrətini mədh edir:

Bordi ulkim, sendin ayrılğay könqul to coni bor,
Covrinqa köydüm könqül, qil onçakim, imkoni bor.

Ey Masihim, men qatili işkmen, tirquz meni,
Bir nafas,-dedim,-qabul etkim, nafasinq coni bor.

Saib də aşiqin mümkün qədər sevgisi yolunda canından keçməli olduğunu deyir. Əgər Nəvai sevgilisinin nəfəsini can bəxş edən İsa nəfəsinə bənzədirsə, Saib məşuqənin üzün­dən axan təri çeşmeyi-heyvan, dirilik suyu adlandırır:

Gül kimi hər kim ki, gülzar içrə nəqdi-canı bar.
Səy elər töksün sənin yolunda, ta imkanı bar…

İçməmiş can bəxşlər nəzzarədən üşşaqlara,
Tərlü rüxsarun əcaib çeşmeyi-heyvanı bar.

Saibin 9 beytlik «Üçün» rədifli qəzəli Nəvainin eyni həcm, bəhr (rəməli-müsəmməni-məhfuz) və qafiyəli qəzəlinə nəzirə olaraq yazılıb. Nəvai özünün incə lirik şeirində hər za­man bu dünyada hicran qəmi çəkdiyini, Tanrının onu hicran çəkmək üçün yaratdığını de­yir. Şair növhəgərə (növhə oxuyan, ağıçı) üz tutaraq deyir ki, onun hicran qəmi çəkmək­də halı təsvir edilərsə, bir dastan olar:

Yuz balo hicron topar har dam bu mahzun con uçun,
Tenqri quyakim yaratmiştur meni hicron uçun…

Hacr aro holimni yozdim yod tut, ey navhagar
Kim, base loyiqdurursen soz etar daston uçun.

Saib Təbrizinin qəzəlində nəsihətamiz məzmun, dostluqda sədaqətə, əyilməzliyə, fəda­karlığa, minnətsiz yaşamağa çağırış daha qabarıq nəzərə çarpır. Şeirdə «hind üslubu»­nun ən görkəmli nümayəndələrindən olan Saibin bir sıra beytlərində təmsil poetik fiqu­rundan istifadə edilir, bir misrada deyilən fikir digər misrada həyatdan bir nümunə ilə təs­diqlənir:

Yoldaş oldur kim, qara günlərdə yoldan çıxmasın,
Keşmə yoldaşdan Xızır tək çeşmeyi-heyvan üçün…

Hüsni-covlanından əl kəsməkdir arvadlar işi,
Kəs özündən mərdlər tək Yusifi-Kənan üçün.

Bu beytlərdə həm də təlmih poetik fiqurundan istifadə edilmişdir. Məlum olduğu kimi fikrin, hissin oxucunun zehnində daha da canlandırılması üçün əsərdə tarixi hadisələrə, əsatir və əfsanələrə, ayə və hədislərə, məşhur alim və filosofların hikmətli sözlərinə, di­ni-tarixi və ya əfsanəvi şəxsiyyətlərə, xalq içərisində çox işlədilən məsəl və atalar sözləri­nə işarə edilməsi təlmih adlanır. Saibin nəzərdən keçirdiyimiz birinci beytində İskəndər­lə Xızırın dirilik suyu axtarması barədə rəvayətə işarə olunur. Xızırın dirilik suyunu tapıb İskəndəri tək qoyması əhvalatını yada salan şair deyir ki, yoldaşlar bir-birinə sədaqətli olmalıdırlar, hətta əbədiyyət suyuna görə belə yoldan çıxmaq, yoldaşı tərk etmək ol­maz. İkinci beytdə məşhur rəvayətdən Züleyxanın aşiq olduğu qulu Yusifin libasından bir parça qoparmasına işarə olunur. Eşqdə fədakarlığı təbliğ edən şair deyir ki, əsl aşiq özgəsindən deyil, özündən kəsməli, sevdiyi şəxsin nəyisə itirməsinə yol verməməlidir.
XVII əsrdə yaşamış ən görkəmli Azərbaycan şairlərindən Əlican Qövsi Təbrizi bu dövrdə türkcə ən iri həcmli divan (4700 beyt) müəllifidir. Qövsinin əsərlərini oxuduqca onun türk dilinin inkişafı və daha geniş yayılması sahəsində şüurlu surətdə çalışdığını, bu məsələdə türkdilli poeziyanın böyük ustadlarından nümunə götürdüyünü görürük.
Qövsi Nəvai, Füzuli, Vəhid Qəzvini, Sahir və başqalarının qəzəllərinə yazdığı nəzirələrin­dən çoxunda bu şairlərin əsərlərindən bir misra nümunə gətirərək onların adlarını çək­mişdir. Ən çox Füzuli şeirlərinə cavablar yazan şairin Əlişir Nəvai qəzəllərinə də nəzirə­ləri vardır. Qövsinin —

Biz kimiz? Kuyində yarın, bir bölük avarələr,
Xəstələr, sərgəştələr, bitablər, biçarələr

-mətləli 8 beytlik qəzəli Nəvainin

Ne acab, har yon meni Macnun boşida yoralar
Baş ki, yoğdi ustiğa atfol elidin xoralar

-mətləli, 7 beytlik, eyni bəhrdə olan (rəməli-müsəmməni-məhzuf) qəzəlinə nəzirədir. Bi­rinci beytindən göründüyü kimi, Q.Təbrizi hətta Nəvaiyə nəzirəsində belə Füzuli təsirin­dən kənarda qala bilməmiş, dahi Azərbaycan şairinin tərcibəndinin başlanğıcındakı

Mən kiməm? -Bir bikəsü biçarəvü bixaniman,
Taleim aşuftə, iqbalım nigun, bəxtim yaman

— beytinin formasından istifadə etmişdir.
Nəvai qəzəlinin —

Orazinq atrofida quldur körünqan, ey pari,
Ya qamar davrida saf torntibdurur sayyoralar
-beytində gözəlin üzünün, yanağının ətrafındakı güllərlə Ay ətrafındakı ulduzları müqayi­sə edir. Nəvaiyə yazdığı cavabında Qövsi onun ahü-nalə oxlarından göylərin dəlik-de­şik olduğunu, insanların yanlışlıqla bunları planet və ulduzlar adlandırdığını söyləyir:

Ahu naləm navəkindən göz-göz olmuşdur fələk
Kim, deyər xalq onlara sabitlərü səyyarələr.

Bu beytdə Qövsi hüsni-təlil sözişlətmə üsulundan uğurla istifadə etmişdir. Hərfi mənası əsaslandırmanın gözəlliyi demək olan hüsni-təlil poetik fiqurundan istifadə zamanı bir əla­mət və ya keyfiyyət başqa bir əlamət və ya keyfiyyətin meydana gəlməsinə səbəb olur, nəticədə ikiqat təsvir özünü göstərir. Burada da şairin ah-naləsinin göyləri dəlik-deşik etməsi insanların bunları səma cismləri hesab etməsi ilə nəticələnmişdir. Qövsinin bu beytində də — «Degil bihudə gər yağsa fələkdən başimə daşlar, Binası tişeyi-ahimlə vi­ran etdigimdəndir» sözləri ilə göylərin binasını ahı ilə viran etdiyini, buna görə də göylər­dən başına daşlar yağdığını iddia edən Füzulinin təsirini görməmək mümkün deyil.
Geniş mütaliə dairəsinə, yüksək bədii zövqə malik Q.Təbrizi Nəvainin ən gözəl, həm də öz yaradıcılıq üslubuna uyğun gələn qəzəllərini seçib, onlara nəzirə yazıb. Şair öz yaradı­cılıq manerasına uyğun olaraq haqqında danışdığımız Nəvai qəzəlinin «Bəs ki, tofrağ ol­du eşqin dəştidə avarələr» misrasını olduğu kimi nümunə gətirib. Həmin qəzəldə Nəvai­nin yüksək bədiiliyi ilə seçilən digər beytləri də vardır. Məsələn:

Ey Navoi, işq aro ölmaktin özqa çora yok,
Bas ğalat bolğay demak uşşakni beçoralar.

Nəvai deyir ki, eşq yolunda ölməkdən başqa bir çarə yoxdur. Belə ümidsiz bir fikri söy­lədikdən sonra isə şair bunun da, əslində, bir çarə olduğunu, buna görə də aşiqlərin ça­rəsizliyini iddia etməyin səhv olduğunu bildirir. Həyatdakı paradoksal məqamların tapıla­raq, kəşf edilərək onlara poetik don geyindirilməsi və bunun yüksək bədii zövqlə edil­məsi Füzulinin də yaradıcılıq üslubuna xasdır. Nəvai qəzəlinə cavab yazan Qövsi bədii üslubu formalaşmış ustad sənətkardır. O, nəzirə yazarkən Nəvainin elə qəzəllərini seç­mişdir ki, onlar Füzuli üslubuna da yaxındırlar.
Qövsi 10 beytlik «Göz» rədifli qəzəli ilə Ə.Nəvainin 9 beytlik, eyni rədifli və eyni bəhr­də olan (rəməli-müsəmməni-məqsur) şeirinə cavab yazmışdır. Nəvai qəzəlinin başlanğı­cında yarının gözlərini açan kimi onun qanını tökməsindən danışır. Ona görə burada təəccüblü bir şey yoxdur: o qatil gözlərin peşəsi qan tökməkdir. Sonrakı beytlərdə də aşiq gözəlin gözlərinin onun könlünü dəlməsindən məmnun olduğunu bildirir:

Tökti-qonimni-meninq sori çu oçti yor köz,
Tükmayin qon naylasun ul qotili xunxor köz…

Bir yuz oçib, çok etib könqlumni, közunq urdi neş,
Boldi bu iştin könqül mamnunu minnatdor köz.

Mənbələr XVII əsrdə yaşamış bir sıra digər Azərbaycan şairlərinin də Əlişir Nəvai sə­nətindən bəhrələndiyini söyləyir. Məsələn, Vəliqulu bəy Şamlu «Qisəsül-xaqani» təzkirə­sində Mirzə Saleh Təbrizi haqqında yazır ki, «O, bəzən Füzuli təbiətlidir və Nəvai kəla­mının ardınca gedir». Həmin dövrün Azərbaycan şairlərindən Məlik bəy Avcının əsərləri­ni çapa hazırlayan professor Əhməd Cəfəroğlu şairin «Şah İsmayıl Xətai kimi cığatay ədəbiyyat və dilinin təsiri altında qalaraq cığatay dilinin qrammatikasını təqlid etməsin­dən» danışır. Lakin əldə olan materialın həcmi bu şairlərin Nəvai yaradıcılığının məhz hansı cəhətlərindən bəhrələnməsi barədə ətraflı danışmağa imkan vermir. Mirzə Salehin şeirində ismin yönlük halında sözü «kəştimğə» kimi yazması, Məlik bəy Avcının «torpağ» sözünü «tofrağ» kimi işlətməsi, ismin təsirlik halında sözü «bizni» yazması həmin şairlərin dilində cığatay dili elementlərinin mövcudluğundan danışmağa imkan verir ki, bu da, fik­rimizcə, Nəvainin poeziyamıza təsiri ilə izah edilməlidir.
Azərbaycan poeziyasında Nəvai təsiri sonrakı dövrlərdə də davam edirdi və bu təsiri yalnız nəzirələrdə deyil, şairlərimizin poetik fikir tərzində, dünyagörüşündə belə müşahi­də edə bilərik. XVIII əsrdə yaşamış Azərbaycan şairi Fətəli bəy Halı Ziyadoğlu Gəncə­vinin ədəbiyyat həvəskarlarının ən çox yadında qalan bir beyti var:

Oldu gözəl ömr sərf, heyf ki, nadanlığa,
Hər nə qalır sərf olur indi də peşimanlığa.

(F.Köçərli «Azərbaycan ədəbiyyatı» adı ilə ikinci dəfə nəşr olunan əsərində bu beyti yanlış olaraq Fətəli xan Müştəriyə aid etmişdir).
Nəvai şeirlərini diqqətlə nəzərdən keçirdikdə görürük ki, Hali Gəncəvi böyük özbək şairinin qəzəllərindən birində deyilmiş fikri başqa şəkildə ifadə etmişdir. Nəvai yazır:

Keçdi ömrüm naqdi ğaflat birla nodonliğda, hayf,
Qolğoni sarf oldi anduhu peşimonliğda, hayf.

Şübhəmiz yoxdur ki, gələcək araşdırmalar klassik ədəbiyyatımızın orta əsrlər özbək ədəbiyyatı, xüsusilə də Əlişir Nəvai yaradıcılığı ilə əlaqələrinə dair yeni, maraqlı faktlar üzə çıxaracaq.

777

Mustafa İsen (Türkiye)
TÜRK TƏZKİRƏÇİLİK ƏNƏNƏSİNDƏ ƏLİŞİR NƏVAİNİN YERİ*

Тanınmış adamların həyat hekayələrindən bəhs edən təzkirə növü islam dünyası üçün səciyyəvi olan ən mühüm ədəbi fəaliyyət növlərindən biridir. Tarix bizdən əvvəl yaşayanların üz- üzə gəldikləri hadisələri və onların qəhrəmanlarını özündə əks etdirir.Tarixi hadisələrin özü qədər, bu hadisələrin iştirakçısı olan insanları üzə çıxarmaq və tanıtmaq da çox böyük əhəmiyyət kəsb edir. Bu insanların həyatları haqqında olan məlumatları çatdırmaq, onları bizimlə tanış etmək işi isə birbaşa insan məvhumuna istinad edən bioqrafiyaların üzərinə düşmüşdür. Bu üzdən də qərb və şərq tarixçilərinin əksəriyyəti tarixin içində bioqrafiyaya da yer vermişdir.46
İslam dünyasında ərəblər tərəfindən yaranan bu növ sonra farsca davam etmişdir. Xüsusilə bu dilin təmsilçisi olan Molla Caminin (v.1493) bu növə qazandırmış olduğu spesifik xüsusiyyətlər türk yazarları tərəfindən mənimsənilərək davam etmişdir. Molla Cami türk ədəbiyyatında böyük təsiri olan bir şəxs olmuşdur. Dilimizdə ilk bioqrafik əsərlərdən biri olan “Nəfəhatül- üns”ün çevrilməsi də Molla Camiyə aiddir. Başqa bir əsəri olan “Baharıstan” başda Nəvai olmaqla türk təzkirə müəlliflərinə çox böyük təsir göstərmişdir. Ancaq fars ədəbiyyatında əsl diqqət çəkən nümunə Dövlətşah b. Alaüd- Dövlə (v.1486) tərəfindən qələmə alınan “Dövlətşah” təzkirəsidir. (1487). Dövrünün tanınmış dövlət və mədəniyyət adamı Əlişir Nəvaiyə həsr olunmuş bu əsər bir müqəddimə, yeddi təbəqə və bir xatimədən ibarətdir. Təzkirədə yer alan şairlərin sayı 149-dur. Dövlətşah, qələmə aldığı şairlərin həyatlarını təsvir etdikdən sonra onların şeirlərindən nümunələr də verir. Öz üslubuna görə təzkirə, ondan sonra yazılmış fars və türk təzkirələrinə örnək olmuş və o günə qədər yazılmış təzkirələrdən xeyli çox bioqrafiyaya yer vermişdir.
XIV yüzillikdə bu mövzuya aid əsərlər yazılmağa başlandı. Bunların dilimizdə olan ilk nümunələri gözlənildiyi kimi peyğəmbərlər qissələrı və sufi təzkirələri olmuşdur.

46 Adnan Adıvar, “Tarih ve Biyografi”, Tarix jurnalı C.2, S.3-4, İstanbul 1952.

Süleminin əsəri İbn Çevzi, Əttar və Cami tərəfindən fars dilində davam etdirilmişdir. Caminin bu mövzuda qələmə aldığı “Nəfahatül-üns”ü Əlişir Nəvai (1441-1501) “Nəsaimül-Məhəbbe min şəmayimül- fütüvvə” adıyla şərq türkcəsinə, Lami (ö 1532) isə “Nəfəhatül-ünsl min Hədəratül- qüds” (1524) adıyla qərb türkcəsinə çevirdi. Əslində bu çevirmələri klassik tərcümənin yarı təhlil əsərləri olaraq qəbul etmək mümkündür. Nəvai bu əsərindən sonra “Baharıstan” və Dövlətşah təzkirəsindən təsirlənərək “Məcalisün– nəfais” (1491) adlı şairlər təzkirəsini qələmə almışdır. Əvvəl ərəb dilində, sonra isə fars dilində meydana çıxan təzkirələr bu yüzillikdən etibarən oxşar formada artıq türkcə ifadə olunmağa başlanmışdır. Bu ərəfədə ilk örnək bir çox ədəbi sahənin ilk nümunəsi olduğu kimi, Əlişir Nəvaidir (1441-1501). Bu dönəmdən etibarən, bioqrafiya, təzkirə, mənaqib, vəfayət, devha, səfinə, töhvə, hədıqə, fihrist silsilənamə, şairnamə kimi müxtəlif başlıqlar altında geniş bir sahəni əhatə etdiyindən, mən yalnız şair bioqrafiyaları üzərində dayanmaq istəyirəm.
Nəvainin bu sahədə qələmə aldığı əsərini “Məcalisün– nəfais” adlandığını qeyd etmişdik. Müqəddimə və məclis adı ilə verilən səkkiz bölümdən ibarət olan əsər özündən əvvəlki əsərlərə çox bənzəyir. Təzkirədə şairlər hər məclisdə xronoloji qayda üzrə sıralanmışdır.
1-ci məclis. Nəvaidən əvvəl yaşamış şairlər
2-ci məclis. Nəvainin uşaqlığında və gəncliyində tanıdığı, ancaq təzkirə yazılan müddətdə artıq həyatda olmayan şairlər
3-cü məclis. Nəvainin müasiri olan şairlər
4-cü məclis. Alim şairlər
5-ci məclis. Xorasanlı şair mirzələr və hökmdar ailəsinə mənsub
şairlər
6-cı məclis. Xorasandan kənarda yaşayan elm adamları və şairlər
7-ci məclis. Sultan və şahzadələrdən şair olanlar
8-ci məclis. Dövrün padşahı Sultan Hüseyn Baykara47
“Məcalisün–nəfais”də Herat, Xorasan və Azərbaycanda yaşayan və əksəriyyəti farsca yazan 455 şairə yer ayrılmışdır.

47 “Mecâlisü′n-nefâis”, Daşkənt, 1961.

 Bunların 43-ü türk və ya türkcə yazan şairlərdir. Nəvai bu şairlər haqqında uzun-uzadı məlumatlar verməmiş, çoxuna ancaq bir-iki sətir yer ayırmışdır. Hər şairin bir, böyük şairlərin iki-üç beytini də nümunə kimi vermişdir.
“Məcalisün– nəfais” həm çığatay ədəbiyyatı, həm də İran ədəbiyyatı üçün çox mühüm bir qaynaqdır. Ancaq onun əsl əhəmiyyəti Anadoluda meydana çıxan təzkirələrə örnək olmasıdır. Herat təzkirə məktəbi adlanan Cami, Dövlətşah və Nəvainin əsərləri həm özlərindən sonra yaranmış Osmanlı ölkəsindəki “təzkireyi- şüəra” növünə dərindən təsir göstərmiş, həm də ədəbi bioqrafiya janrına hərəkət vermişdir.
Söz açdığımız bu bioqrafiyalar məzmun və baxış nöqtələrinə görə kiçik fərqlərlə yanaşı, həm də məlum olan ortaq nöqtələrə malikdir. Bioqrafiyası yazılan şəxs həmişə müəyyən yaş həddinə çatdıqdan sonra təzkirəyə düşdüyü üçün, təzkirələrdə doğum tarixləri o qədər də yer almaz. Bu şəxslərin adları, xronoloji məlumatlar, xüsuilə ölüm tarixləri dəqiqliklə qələmə alınardı. Bioqrafiyası yazılan şəxsin həyat hekayəsi, qısa şəkildə nəql edilir, elm adamlarının təhsilləri, müəllimləri önə çıxarılırdı. Şairlərin şeirlərindən isə nümunələr verilir, onların ədəbi tərəfləri üzə çıxarılırdı. Bu xüusiyyətləri ilə ənənəvi bioqrafik sənəd yazmağı əsas götürdüyü üçün, təzkirələr bütünlüklə insan ünsürünə diqqət yetirirdi.
Əslində burda təəccüb ediləcək bir şey də yoxdur. Dini birliklər üzərində qurulan böyük mədəniyyətlər öz tərkibində olan fərqli xalqların mədəniyyətlərini hər hansı bir miqdarda müştərək formaya gətirirlər. Həyat tərzləri və əraziləri fərqli olsa da, müsəlman olduqdan sonra müxtəlif millətlər ortaq sayıla biləcək bir həyat ölçüsünü tətbiq edirdilər. Bu bənzərlik üzdə olan sahələrdə, xüsusilə də mədəni sahədə özünü aydın şəkildə biruzə verir.
Cığatay ədəbiyyatında Nəvai ilə başlanan təzkirə ənənəsi qısa bir müddətdən sonra Osmanlılara keçdi. Şairlər təzkirəsi olaraq qərb türkcəsində qələmə alınan ilk nümunə Səhi bəy tərəfindən yazılmış “Həşt-behişt”dir. Söz açdığımız bu təzkirənin yazarı Səhi bəy əsərinin ön sözündə Herat təzkirələrindən istifadə etdiyini  açıqca ifadə etmişdir48. Səhi Əbdürrəhman Caminin (v. 898/1492), “Baharıstan”ından və Dövlətşahın (v. 1495-1507) “Təzkirətüş- şüəra”sından təsirlənməklə bərabər, əsl örnək olaraq Əlişir Nəvainin (v.1501) “Məcalisün – nəfais”ini götürmüşdür. Təzkirənin sadəcə tərtib üslubuna görə geniş şəkildə təsirlənmə və bənzərlik müşahidə edilir. Hər iki əsər səkkiz ana bölümdən ibarətdir. Səhi bəyin “Təbəqə” adını verdiyi səkkiz bölümün məzmunu belədir:

“Həşt-behişt” “Məcalisün– nəfais”

1-ci təbəqə. Dövrün padşahı Qanuni Sultan Süleyman (Muhibbi)

1-ci məclis. Nəvaidən əvvəl yaşamış və onun doğulmasından əvvəl ölmüş şairlər (46 şair)

2-ci təbəqə. Başlanğıcdan Qanuni Sultan Süleymana qədər şeir yazmış padşah və şahzadələr (6 şair)

2-ci məclis. Nəvainin zamanında yaşayan, onun uşaqlığı və gəncliyində görüb tanıdığı, amma təzkirənin yazıldığı tarixdən əvvəl
ölən şairlər (91 şair)

3-cü təbəqə. Vəzir, qəzaskər, dəftərdar, nişançı, bəylərbəyi kimi dövlət böyükləri (28 şair)

3-cü məclis. Nəvainin zamanında şöhrət tapan və özləriylə tanış olduğu, dostluq qurduğu şairlər (174 şair)

4-cü təbəqə. Alim şairlər (17 şair) 4-cü məclis. Alim şairlər (73 şair)

5-ci təbəqə. Səhi bəydən əvvəl yaşamış və ölmüş şairlər (34 şair)

5-cü məclis. Xorasanlı şair mirzələr və hökmdar ailəsindən olan şairlər
(21 şair)

48 “Heşt-Behişt”, ( Günay Kut), Harvard, 1978, s.77.

6-cı təbəqə. Səhi bəyin gəncliyində şöhrət qazanmış olan, nüfuzlu dövrlərinə çata bildiyi və bir çoxu ilə tanış olub görüşdüyü şairlər (61 şair)

6-cı məclis Xorasandan kənarda yaşayan elm adamları və tanınmış şairlər. (31 şair)

7-ci təbəqə. Əsərin yazıldığı vaxt həyatda olan tanınmış şairlər(39 şair)

7- ci məclis. Sultan və şahzadələrdən şair olanlar(22 şair)

8-ci təbəqə. Əsərin yazıldığı vaxt yeni tanınmağa başlayan və Səhinin qabiliyyətli hesab etdiyi təzə-həvəs gənc şairlər

8-ci məclis. Dövrün padşahı Sultan Hüseyn Baykara.

Bu cədvələ nəzər salındığında bir az əks şəkildə təsvir edilmiş Nəvai təsnifatı ilə rastlaşırıq. Nəvainin səkkizinci məclisdə qələmə aldığı padşah Hüseyn Baykara yerinə, Səhi dövrün padşahı Qanuni Sultan Süleymanı birinci təbəqədə verir. Nəvaidə yeddinci məclisdə yer alan sultan və şahzadələr Səhidə ikinci təbəqədə, onun beşinci məclisdə təsvir etdiyi mirzələr Səhidə üçüncü təbəqədə verilmişdir.
Alim şairlər hər iki əsərdə dördüncü bölümdədir. Nəvainin altıncı məclisdə göstərdiyi Xorasan xaricindəki şairlər müqabilində Səhi əvvəllər yaşamış olan şairləri beşinci təbəqədə yerləşdirmişdir. “Məcalis”də birinci, ikinci, üçüncü məclisdə həyatları nəql edilən çoxdan vəfat etmiş şairlərlə müasir, və hələ çox gənc olan şairlər “Həşt-behişt”də altıncı, yeddinci və səkkizinci təbəqələrdə təsvir edilmişdir. Bənzərliklər bununla bitmir. “Həşt-behişt”in əsas süjeti və möhtavası da “Məcalisün– nəfais” ilə oxşardır.
Bu növün başqa örnəkləri kimi “Həşt-behişt” əsəri də bir müqəddimə ilə başlanır. Bu bölümdə müəllif Tanrıya şükürlər, peyğəmbərə dualar dilədikdən sonra kitabın nə üçün yazıldığını bildirilir. Bu bölüm də Nəvai ilə demək olar ki, eynidir.
Sonra isə bioqrafiyalara keçilir. Burada yer alan şairlərin doğum yeri, adı, ləqəbi, təhsili, sənət və məşğuliyyəti, müəllimləri, həyatlarında olan mühüm dəyişikliklər, ölümləri, əgər mümkündürsə ölüm tarixi, məzarlarının yeri, bəzən şairlə bağlı lətifələr, ədəbi mövqeyi ilə bağlı dəyərləndirmələr və əsərlərindən nümunələr verilir. Nəvaidə olduqca qısa şəkildə təsvir edilən bioqrafiyalar Səhidə xeyli uzadılaraq verilmişdir.
Təzkirələrin sonunda “Xatimə” adı ilə verilən son hissə yer alır. Bu bölüm də yenə “Məcalisün– nəfais” ilə başlanmış və həm Səhidə, həm də digər təzkirələrin çoxunda yer almışdır 49.
XVI yüzillikdən XX əsrin sonuna qədər davam edən təzkirə növü geniş zaman məsafəsi ərzində, şübhəsiz, fərqli görüntüləriylə meydana çıxmışdır. Bu əsərlər Herat məktəbi təzkirələrini, xüsusilə də “Məcalisün– nəfais”i özlərinə nümunə götürməklə bərabər, tərtib edilmə formasını dəyişərək bir çox fərqli şəkillərə düşmüşlər. Orta Asiya və Səlcuqlar ənənəsi üzərində Osmanlı memarığı necə inkişaf edərək dəyişmişsə, təzkirə bioqrafiyaları da eləcə inkişaf edərək müsbətə doğru dəyişmişdir. Herat məktəbinin təzkirələrində söz açılan şəxslər təbəqələr üzrə bölüşdürüldüsə, bizdə artıq bu təsnifat əlifba sırası ilə verilmişdir. Əlifba sırası ilə verilən bu təsnifat Lətifi tərəfindən həyata keçirilmişdir. Lətifidən sonra həmin yeni üsul kiçik istisnalar olmaqla türk təzkirəçiliyinin prinsipal tərtib üsulu olmuşdur. Lətifi yalnız yeni tərtib üsulu ilə deyil, təzkirəyə qazandırdığı inkişaf dinamikası ilə də klassik təzkirə sərhədlərini müəyyənləşdirmiş bir müəllifdir. Aşıq Çələbi və antologiya tipli təzkirələr istisna olmaqla, Lətifidən sonra gələn bütün təzkirəçilər onu özlərinə örnək olaraq götürmüşlər. Təəssüflə qeyd etmək olar ki, təzkirə növü şərq türkcəsi ilə başlansa da, bu türkcədə Nəvaidən sonra yalnız Sadiqinin bir əsərini nümunə göstərmək olar. Ancaq  1538-ci ildə verilən ilk nümunədən sonra, qərb türkcəsində əlavələr ənənəsi ilə birlikdə 1950- ci illərə qədər fasilə vermədən mükəmməl əsərlər yazılmış və bunlar dünyanın ən qiymətli xəzinələrindən birinə çevrilmişdir. Bunun əsas şərti olaraq qərb türkcəsinin aid olduğu Osmanlı dövlətinin 600 ildən çox sürən hökmranlığını, bir

49 Mustafa İsen vd. “Şâir Tezkireleri”, Ankara, 2002, s.12.

dövlət kimi zəfərini göstərmək olar. Şərq türkcəsi isə XVI əsrdən sonra uzun müddət hakim dövlətə və uğura sahib ola bilməmişdir. Bu yazıda sadəcə Səhi bəyin təzkirəsi üzərində dayandım.
Əslində bütün XVI əsr təzkirələri “Həşt-Behişt” qədər olmasa da,bu təsirlənmədən açıq şəkildə söz açırlar.
XVII əsrdə türk təzkirəçiliyi başqa bir formaya düşdüyü üçün həmin təsir xeyli azalmışdır. XVIII əsrdə klassik təzkirələrə yenidən bir dönüş başlandı və artıq nostalji olsa da Nəvai bir daha xatırlandı. XIX yüzillikdə isə təzkirələr əvvəlki əhəmiyyətlərini itirdilər və onların yerini Qərb tərzində yazılan ədəbiyyat tarixləri almağa başladı. Artıq təzkirə modelləri də şərqdə deyil, qərbdə axtarılmağa başlandı.

(*Yazı Əlişir Nəvainin anadan olmasının 560, ölümünün 500 illik yubileyinin məruzələrində(Ankara 2004,s.25-31) dərc olunub və kitaba ixtisarla daxil edilib).

Саҳифани безашда таниқли азарбайжон мусаввири Эльмира Шахтахтинская (Элмира Ҳабибулла қизи) асаридан фойдаландик.

(Tashriflar: umumiy 675, bugungi 1)

Izoh qoldiring