Mikayıl Müşfiq -«Şairin ölümü»


011

ŞAİRİN ÖLÜMÜ

Cəfər Cabbarlının ölümü münasibəti ilə şairə ithaf

Ey şanlı ölkəmin, şanlı ustası,
Düşdümü əlindən həyat fırçası?!
Ey söz üzüyünün yanar alması,
Ürəyin tutulub ləkələndimi?!

xxx xxx

Nədir bu acizlik bilməm bəşərdə?
Neçin yırtılmasın bu sirli pərdə?
Sevilin gözləri güldüyü yerdə
Birdən buludlanıb kölgələndimi?!

xxx xxx

Ey könül, bu acı hisslərdən əl çək!
İnsan bir gün gəlmiş, bir gün gedəcək.
Bu kəskin xəbəri duyanda, gerçək,
Dağımız, daşımız silkələndimi?

xxx xxx

İstəməm, axmasın gözlərin yaşı!
Çatılmasın məğrur ölkəmin qaşı!
Sorun tarixlərə: sənətin başı
Ölüm qarşısında yerə endimi?!

xxx xxx

Yox! Bu sərt ölümü düşündükcə mən,
Şiddətli arzular keçir içimdən.
-Öldü !- xəbər verin aşnaya, dosta,-
Ruhlar mühəndisi o böyük usta!..

xxx xxx

Öldü bir usta ki, ustalar başı,
Bütün yoldaşların əziz yoldaşı!
Öldü, ağlamayan gözlər ağlasın,
Qələmlər, kağızlar, sözlər ağlasın!
Altındaydı sözün səmənd atları,
Çapanda titrədi göyün qatları.
O ki, söz atından tərpəndi düşdü,
Sanki şeirimizin bir bəndi düşdü.
Burax qış gedərək, bahar gələndə,
Güllər məclisinə quşlar gələndə,
Quşlar sızıldasın, güllər yolunsun,
Bu acı hər şeydə qoy hiss olunsun!
Göylər bir- birinə dəyib ağlasın.
Buludlar başını əyib ağlasın,
Dan yeri ağarsın, şəfəq sökülsün,
Ulduzlar göz yaşı kimi tökülsün.
Günəş göy üzündə yansın, yaxılsın,
Qəml buludlara iltica qılsın.

xxx xxx

Qoy göylər görünsün bir çəmən kimi!
Ağarsın dan yeri yasəmən kimi!..
Öldü!.. guruldasın, çaxsın buludlar,
Qəbrinə çiçəklər taxsın buludlar!
Ay gecə qəbrinə cövlana çıxsın,
Ulduzlar süzülüb seyana çıxsın.
Öpsün torpağını səhər yelləri,
Üstünə titrəsin günün telləri…
Bu mənim diləyim, bu mənim hissim,
Ey söz mühəndisim, ruh mühəndisim!..

xxx xxx

Öldü Balaşları öldürən əsgər.
Öldü Gülüşləri güldüən əsgər,
Öldü eşidincə, Almaz ağladı.
Sanki Kür dayandı, Araz ağladı,
Öldü İmamyarın paxrını açan,
Yaşarın yoluna işıqlar saçan.
Öldü Salamovu öldürən yoldaş,
Öldü Ağamovu öldürən yoldaş.
Fəqət ölən deyl onun sənəti!
Bağlamış adına əbədiyyəti.

xxx xxx

Aylar, illər keçər, əsrlər keçər,
Şairin dediyi dəyərli sözlər
Feyz alıb əzəli iqtidarından,
Keçib əsrlərin şah dağlarından,
Qışqıra- qışqıra axar sel kimi,
Qalxar tufan kimi, əsər yel kimi.
Çaxışda görk olar ildırımlara,
Dağlara, daşlara,sıldırımlara.
Ruhlara, qəlblərə çarpar sədası,
Bir fırtına kimi qopar sədası.
Duyulsun ki, ölən bir sənətkardır,
Sənətdə yer gücü, göy gücü vardır!

xxx xxx

Ey geniş kütləmiz! Öldü sənətkar!..
Sarmasın ruhunu acı duyğular.
Sən öylə sanma ki, dünyada təksən.
Fəqət sən ölməmiş, ölməyəcəksən!

xxx xxx

İləri, qəhrəman xalqım ,iləri!
Erkən qurtaralım böyük işləri.
Yüksəl, yüksəl mənim şöhrətli ölkəm!
Şeirdən, şairdən dövlətli ölkəm!
Sənin qırılmayan qanadların var,
Tarixdə layəmut büsatların var,
Böyük Füzuliyə ruh verən ellər,
Özünü tarixə göstərən ellər
İşini vaxtında bitirəcəkdir,
Hər zaman Cəfəri yetirəcəkdir!

1935-ci il

 

(Tashriflar: umumiy 88, bugungi 1)

Izoh qoldiring