İnsanın qələmə üz tutmağının müxtəlif səbəbləri var. Təbii ki, istedad olmasa o qələmin də duzu olmaz. Yazmaq, hər şeydən öncə istedad tələb edir. Necə deyərlər, quyuya su tökməklə quyu sulu olmaz. Amma bəzən quyudakı suyu üzə çıxarmaq üçün o quyunu qazmaq da lazımdı axı! Yalnız bel (və ya qələm) bu istedad suyunun var olub-olmamasını, ya da tərkibinin şorluğunu, şitliyini müəyyən edə bilər. Bəzən bir insan illərlə hər hansı bir istedadının varlığından xəbərsiz olur. Hansısa bir səbəb – nakam məhəbbət, uğursuz tale, cəmiyyətin eybəcərliyi və daha nələr onun bu istedadını qəfil ortaya qoya bilər.
Azərbaycan ədiblərini
yazdıran səbəblər
İnsanın qələmə üz tutmağının müxtəlif səbəbləri var. Təbii ki, istedad olmasa o qələmin də duzu olmaz. Yazmaq, hər şeydən öncə istedad tələb edir. Necə deyərlər, quyuya su tökməklə quyu sulu olmaz. Amma bəzən quyudakı suyu üzə çıxarmaq üçün o quyunu qazmaq da lazımdı axı! Yalnız bel (və ya qələm) bu istedad suyunun var olub-olmamasını, ya da tərkibinin şorluğunu, şitliyini müəyyən edə bilər. Bəzən bir insan illərlə hər hansı bir istedadının varlığından xəbərsiz olur. Hansısa bir səbəb – nakam məhəbbət, uğursuz tale, cəmiyyətin eybəcərliyi və daha nələr onun bu istedadını qəfil ortaya qoya bilər. Yadıma böyük rus yazarı Anton Çexovun «Kəşf” hekayəsi düşdü. Hekayənin məğzi belədir ki, 50 yaşlarında bir adam Peterburq ziyafətlərinin birində gənc vaxtı aşiq olduğu bir qadını görür. Vaxtilə gözəlliyi canlar alan bu qadının çirkin bir qarıya çevrilməsindən təəssüflənir və evində, iş masasının arxasında oturarkən qadının gözəl vaxtlarını xatırlaya-xatırlaya kağız üzərində çızma-qaralar edir. Fikirli halda cızdığı şəkillərə təsadüfən göz yetirəndə isə, heyrətinin həddi-hüdudu olmur. Kağızdakı rəsmlər peşəkar rəssamın qələmindən çıxmış kimi mükəmməl olur. Kişi çəkdiyi rəsmlərdən çox, bu istedadından 50 yaşlarına qədər xəbərsiz olmasına təəccüblənir. Demək, onun istedadı yarım əsr sahibinin xoş, qayğısız güzərandan ayılıb nakam eşqin təəssüfünü, həsrətini gözləyirmiş…
Bu, yazıçı təxəyyülü olsa da, əslində həyatda da öz təsdiqini tapmış insanlıq halıdır. Məlumdur ki, bir çox istedad sahibi öz qabiliyyətini məhz uğursuz məhəbbət sayəsində üzə çıxarıb. Dünya şöhrətli yazarlar Cek London, Çarlz Dikkenz, Fenimor Kuper məhz onları bəyənməyən, qəbul etməyən, aşiq olduqları qadınlara özlərini sübüt etmək üçün «qələmə sarılıblar”.
Dediyim kimi, istedadın ortaya çıxması üçün təkcə nakam məhəbbətin yaxasına «medal taxmaq” olmaz. Qələm əhlini dilə gətirən digər səbəblər də var. Bu fikirdən yola çıxıb milli istedad sahiblərimizin nə səbəbdən yazdığı ilə maraqlanmaq istədim. Görəsən, Azərbaycanın tanınmış qələm əhlini yazmağa nə vadar edib, onların qələminə təkan verən nədir?!
Dərdi yazmaq daha asan görünür
Yazıçı, şair Rəşad Məcid: Sevgi, qəzəb, hirs, sevilmək arzusu, vəfa və s… bunlar yazmağa sövq edən səbəblərdir. Xoşbəxtliyin bir üzü var… Ona görə onu yazmaq çətindir, təkrar çıxır. Amma əzabın, dərdin min bir qatı, min bir sifəti var. Buna görə də dərdi yazmaq daha asan görünür… Şeir hissin, həyəcanın şəklidir. Sövqdür, coşqudur, ilahi vəhydir. Bu yoxdursa, nə qədər qəliz düşüncələrlə yamasan da xeyri olmayacaq. Şeir insana toxunmalı, onun yatmış duyğularını tərpətməli və düşüdürməlidir…
Məni daha çox düşüncələr yazmağa sövq edir
Şair, esseist Səlim Babullaoğlu: Bir var kədər, bir var iztirab, bir var darıxmaq, bir var fanilik duyğusu. Kədərin və darıxmağın yazdırdığı şeirlər də şeirdir, amma bunlar sanki aysberqin üstüdür. Aysberqin altı isə fanilik və iztirabdır. Məni təkcə duyğular yazmağa sövq eləmir, eyni zamanda, hətta deyərdim daha çox düşüncələr yazmağa sövq edir. Amma şeirin ilk misrası kimi ona təkan verə bilən hər şey ola bilər. Hər şey şeirin yazılmasına səbəb ola bilər və belə deyək də mən bunu sxematikləşdirməmişəm. Amma fikirləşirəm ki, insan iki başlanğıclı varlıqdır: duyğusal və intellektual. Ağıl və hiss başlanğıcı var. Hər ikisinin də poeziyada yeri var və bunlardan birini digərindən ayırmaq olmaz. Fikrimcə ağılsız hiss və hissiz ağıl sənətin səbəbi ola bilməz.
Mən yazmaya bilmədiyim üçün yazıram
Şairə, jurnalist Telli Pənahqızı: İnsan niyə düşünür, niyə yazır? Mən taleyini sözə və qələmə bağlayan bir yazıçı, şair və jurnalistəm! Əvvəllər yazmağı və düşünməyi mükəmməl və peşəkarcasına öyrənmək, bu sənəti mənimsəmək üçün yazırdım, indi də belə bir peşəkar olduğum üçün yazıram! Qələm peşəkarın əlindən qopub naşı əlinə düşməkdən qorxur! Mən jurnalistika ilə, ədəbiyyatla, bədii yaradıcılıqla məşğul olan bütün sənət sahiblərini qəvvas sayıram. Necə ki, qəvvas dənizin, okeanın təkinə baş vurub, oradan mirvari tapıb çıxarır, peşəkar qələm sahibləri də sözün, kəlmənin, fikrin axtarışında o qəvvas qədər zəhmət çəkirlər! Yazmağa gəldikdə isə, mən yazmaya bilmədiyim üçün yazıram…
Şair təxəyyülü hər qığılcımdan alışa bilər
Şair Baba Vəziroğlu: Məni yazmağa sövq edən nədi, bilmirəm vallah… Bircə onu bilirəm ki, Tanrı hər kəsə həyatda özünü ifadə etməyə qısa bir ömür və şans verib. Kimi çəkmə tikər, kimisi göydə ulduz kəşf edər… Yazar da sözlə əlləşər, ömründən, taleyindən, düşuncəsindən keçənləri sözə çevirər və İlahinin ona buyurduğu missiyanı belə yerinə yetirər.
O ki qaldi yazmaga stimul verən amillərə, hər şey ola bilər. Şair təxəyyülü hər qığılcımdan alışa bilər — bir yaz yağışından, bir durna qatarından, bir körpə baxışından, bir soyuq cavabdan, sevincin çoxluğundan, qəmin azlığından… Sözü inci tək düzmək üçün hər şey lazımdı — istedad da, duyğusallıq da, savad, dünyagörüşü, mutaliə də… və bir də beşikdən məzara qədər zəhmət…
Sözün bitdiyi yerdən yazıram
Şair Qulu Ağsəs: Mən sözü sevmişəm. Amma sözün bitdiyi yerdən yazıram. Məqsədim sözün sayını azaltmaqla yükünü artırmaqdır. Mən ətrafı yox, özəyi yazıram. Təsvirçilikdən xoşum gəlmir. Aydan da yazsam, hər şeyi detallaşdıraram. Darıxmaq… Çasqınlıq… Müəmma… Məni darıxdıran çaşqınlıqdır, çaşdıransa müəmmadır. Bunlar məni iş basına gətirən maşındır; məni düşürüb gedirlər. Deyirlər, şair, dərdli olmasa yaza bilməz, bəlkə də yaza bilər, amma əbədiyyət qazana bilməz. Əbədiyyət özü kədərdir… Əbədiyyət aparır: gedirsən, gedirsən, heç zaman çatmırsan.
Yalnız avaraçılıq və bekarçılıqdan yazıram
Yazar Kəramət Böyükçöl: Məni yazmağa bekarçılıq vadar edir. Başqa heç nə bacarmamağımdan irəli gəlir. Belə hiss edirəm. Necə var, olduğu kimi deyirəm. Səmimiyəm. Mənə elə gəlir ki, yazmağın «için tüstülənməyinə” dəxli yoxdur. Yazmaq istedaddır. Məsələn, mənə pul verən olsa, istedadım hərəkətə gələr və roman yazaram. Mən ilham pərisinə inanmıram. Boş şeydir bu söz. Romantikadan zəhləm gedir. Dediyim kimi, yalnız avaraçılıq və bekarçılıqdan yazıram.
P.S. Belə bir sualı ədəbiyyat üzrə Nobel mükafatının builki qalibi Patrik Modiano da cavablandırıb. Sualı ona mən ünvanlamasam da, xarici həmkarıma ədibin cavabı belə olub: «Yazmaq təbii, həyatımın bir parçası olan şeydir”.
Manba: www.adalet.az/